Govee günəş enerjili ilk ağıllı işıqlarını təqdim etdi
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, ağıllı işıqlandırma məhsulları ilə tanınan Govee açıq məkanlar üçün nəzərdə tutulmuş ilk günəş enerjili işıqlarını təqdim edib. Yeni Outdoor Solar String Lights modeli artıq şirkətin rəsmi saytı və Amazon üzərindən 99.99 dollara satışa çıxarılıb.
Yeni məhsulun əsas fərqi onun tamamilə günəş enerjisi ilə işləməsidir. Paketə daxil olan 6W gücündə günəş paneli üzərində 4,800 mAh batareya yerləşir və istehsalçının sözlərinə görə, bir gün tam günəş işığı altında bu batareyanı tam doldurmaq mümkündür. Hava buludlu olduqda isə cihazı USB-C vasitəsilə də enerji ilə təmin etmək olar.
İşıq sistemi ümumilikdə 34 fut (təxminən 10 metr) uzunluğunda kabel üzərində yerləşən 8 ədəd rəng dəyişən lampadan ibarətdir. Tam dolu batareya ilə işıqlar 13 saata qədər işləyə bilir, lakin bu göstərici yalnız 10 lumen parlaqlıq səviyyəsində keçərlidir. Maksimum parlaqlıq isə 50 lumenə qədər yüksələ bilir, amma bu zaman batareya ömrü daha qısa olur. Həm işıqlar, həm də günəş paneli IP67 sertifikatına malikdir. Bu isə o deməkdir ki, məhsul yağış, qar və digər sərt hava şəraitində belə ilboyu açıq havada istifadə üçün uyğundur.
Texniki imkanlar bununla da bitmir. Lampalar həm isti ağ işıq verə bilir, həm də 281 trilyon fərqli rəng kombinasiya təklif edir. İstifadəçilər Govee Home tətbiqi vasitəsilə 100-dən çox hazır işıq rejimindən seçim edə, musiqiyə uyğun dinamik rəng dəyişimi aktivləşdirə, batareya səviyyəsini izləyə və işıqlandırma üçün avtomatik vaxt cədvəlləri qura bilirlər.
Paylaş