Günəş tutulmasını smartfonla çəkmək niyə təhlükəlidir?
Avqustun 12-də baş verən 2026-cı ilin Günəş tutulmasını smartfonla çəkmək istəyənlər üçün mühüm xəbərdarlıq edilib. Mütəxəssislər telefon kamerasını birbaşa Günəşə yönəltməyin kamera sensoruna və digər optik komponentlərə zərər verə biləcəyini bildirirlər. Səbəb Günəşdən gələn güclü işığın kamera obyektivi tərəfindən kiçik bir sahəyə fokuslanmasıdır. Xüsusilə uzun müddət Günəşə yönəldilən və ya telefoto obyektivindən istifadə edilən smartfonlarda sensorun həddindən artıq işığa və istiliyə məruz qalması riski artır. Bu isə kamerada daimi zədələnməyə səbəb ola bilər.
NASA 2024-cü ildə baş verən Günəş tutulması zamanı da oxşar xəbərdarlıq etmişdi. Tövsiyəyə görə, tutulmanı telefon və ya kamera ilə çəkmək istəyənlər obyektivin qarşısında xüsusi Günəş filtrlərindən istifadə etməlidirlər. Adi gün eynəyi və ya telefonun kamera parametrlərini dəyişmək təhlükəsiz qoruma hesab edilmir. Günəş tutulmasını izləyən insanların gözlərini qoruması isə daha vacibdir. Tutulmanın tam fazası istisna olmaqla, Günəşə qoruyucu vasitə olmadan birbaşa baxmaq gözlərdə ciddi və qalıcı zədələnməyə səbəb ola bilər. Bunun üçün ISO 12312-2 standartına uyğun xüsusi Günəş tutulması eynəklərindən istifadə etmək tövsiyə olunur.
Paylaş
