Logo
    main-post-cover

    HMD Global öz brendi altında ilk naqilsiz qulaqlığını hazırlayır

    Cihazlar+
    27.01.2025
    Emil
         Daha öncə Nokia smartfonlarının istehsalı ilə məşğul olmuş HMD Global şirkəti keçən ildən öz brendi altında smartfonlarını hazırlamağa başladı. Bir neçə müddət bundan öncə isə məlum oldu ki, şirkət Nokia brendi altında bütün smartfonların istehsalından imtina edib. Ortaya çıxmış yeni məlumata əsasən HMD Global şirkəti indi də öz brendi altında ilk naqilsiz qulaqlığı üzərində çalışır. Şirkətin ilk naqilsiz qulaqlığı HMD Ampd Buds adlanacaq. Bu naqilsiz qulaqlıq artıq ABŞ Federal Rabitə Komissiyasında (FCC) qeydiyyatdan keçib. Bunun sayəsində onun real fotoları ortaya çıxıb.
         Ortaya çıxmış real fotolardan da görmək olar ki, HMD Ampd Buds bazara 3 gövdə rəngində satışa çıxacaq. Mavi, qara və çəhrayı. Bu isə öz növbəsində HMD Skyline smartfonunun gövdə rənglərini təkrarlayır. Gözləntilərə əsasən HMD Ampd Buds-ın əsas özəlliklərindən biri onun şarj keysinin gövdəsində maqnit bərkidicinin olacağıdır. Bu halda keysi HMD Global-ın ikitərəfli şarj texnologiyasını dəstəkləyən smartfonunun arxa panelinə yerləşdirərək şarj etmək mümkün olacaq. Hal-hazırda HMD Ampd Buds-ın texniki göstəriciləri barəsində o qədər də ətraflı məlumat yoxdur. Sadəcə olaraq məlumdur ki, qulaqlıqlardan hər biri 35 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bunun sayəsində qulaqlıqların 5 saat ərzində çalışa biləcəkləri gözlənilir.
    Paylaş