Huawei yeni Pura X Max ilə Apple və Samsung-u qabaqladı
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Huawei qatlanan smartfon bazarında rəqibləri qabaqlayaraq yeni nəsil geniş formatlı modeli olan Pura X Max-in dizaynını rəsmi şəkildə nümayiş etdirib. Şirkətin təqdim etdiyi yeni cihaz, uzun müddətdir haqqında məlumat yayılan qatlanan iPhone və yeni nəsil Samsung Fold modellərinə bənzər “passport” tipli, yəni daha enli və kvadratabənzər ekran nisbətinə sahib olacaq.
Məlumata görə, Pura X Max modeli Çində 20 aprel tarixində tam təqdim olunacaq. Hazırda cihaz barədə texniki xüsusiyyətlər açıqlanmasa da, yayımlanan ilkin görüntülər onun mavi, ağ, narıncı və qara rəng seçimləri ilə satışa çıxacağını göstərir. Smartfonun arxa hissəsində isə üçlü kamera sistemi yerləşdirilib.
Yeni modelin dizaynı ötən il təqdim olunan Pura X seriyasının xəttini davam etdirir. Lakin Pura X Max daha böyük gövdəyə və daha geniş açılan ekran quruluşuna sahibdir. Bu səbəbdən cihaz klassik flip telefonlarla kitabvari fold modellərin hibridi kimi qiymətləndirilir. Xarici görünüş baxımından model, ilk nəsil Google Pixel Fold və Oppo Find N cihazlarını xatırladır.
Maraqlıdır ki, son sızmalara əsasən həm Apple, həm də Samsung da oxşar geniş formatlı qatlanan telefonlar üzərində işləyir. Lakin bu cihazların 2026-cı ilin ikinci yarısından tez təqdim olunması gözlənilmir. Beləliklə Huawei bazara bu dizaynı ilk gətirən şirkət olmağa hazırlaşır.
Paylaş