İddia: Nvidia RTX 5080 Super videokartını bahalı yaddaşa görə ləğv edib
“Nvidia”nın 24 GB videoyaddaşlı “RTX 5080 Super” videokartını ləğv etdiyi iddia olunur. Model 2027-ci ilin yanvarında təqdim olunmalı idi, amma Çindəki videokart istehsalçılarına buraxılışın baş tutmayacağı deyilib. Şirkət yeni tarix açıqlamayıb. Buna görə söhbətin sadəcə gecikmədən getmədiyi güman olunur. “Nvidia” model və onun ləğvi barədə hələ rəsmi açıqlama verməyib.
İddiaya görə, əsas səbəb 24 GB videoyaddaş üçün hazırlanmış GDDR7 modullarının bahalaşmasıdır. “RTX 5080 Super”də hər biri 3 GB olan yaddaş modullarının işlədilməsi planlaşdırılırdı. Hazırda satılan “RTX 5080”də hər biri 2 GB olan modullar və ümumilikdə 16 GB VRAM var. VRAM oyunların qrafik məlumatlarını saxlayan yaddaşdır. Daha böyük tutumlu modullar videokartın istehsal xərcini xeyli artırır.
İddia doğru çıxarsa, 16 GB yaddaşlı “RTX 5080” Çində “Nvidia”nın əsas oyun videokartı olaraq qalacaq. “RTX 5090” bu ölkədə satılmır. Digər bazarlarda ehtiyatların xeyli azalması qiymətləri kəskin artırıb və bəzi regionlarda kart üçün tövsiyə olunan məbləğin 3-4 qatı tələb olunur. ABŞ-də qiymətin 10 000 dollara (təxminən 17 000 manat) yaxınlaşdığı hallar da qeydə alınıb.
Əvvəlki iddialarda “RTX 5080 Super”in ləğvindən deyil, buraxılışının gecikməsindən danışılırdı. Yeni məlumat “Nvidia”nın adi alıcılar üçün hazırladığı 24 GB yaddaşlı videokart planından tam imtina edə biləcəyini göstərir. Yaddaş qiymətlərinin 2026-cı ilin sonunda daha da artacağı, vəziyyətin 2027-ci ildə də çətin qalacağı gözlənilir. Rəsmi açıqlama verilmədiyi üçün modelin gələcəkdə başqa tarixdə çıxması ehtimalı hələ də var.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...