IKEA Xbox kontrollerini nəhəng oturacağa çevirdi
IKEA Microsoft ilə əməkdaşlıq çərçivəsində Xbox-dan ilhamlanan yeni mebel və ev aksesuarları kolleksiyasını təqdim edib. Yxstaby adlanan doqquz məhsullu kolleksiya ilk Xbox konsolunun 25 illiyinə həsr olunub. Yeni kolleksiyaya televizor altlığı, noutbuk stendi, yan masa, kreslo, çoxfunksiyalı alət qutusu, dekorativ məhsullar, yastıq və oturacaq daxildir. Məhsulların bir hissəsinin dizaynında Xbox kontrollerinin tanınan elementlərindən istifadə olunub. Kolleksiyanın ən diqqətçəkən məhsullarından biri Xbox kontrollerinin analoq stikini xatırladan böyük oturacaqdır. IKEA bildirir ki, onun hazırlanması zamanı Xbox kontrollerinin orijinal 3D dizayn fayllarından istifadə edilib. Oturacağın səthi analoq stikdə olduğu kimi teksturalıdır və özü istifadəçi hərəkət etdikcə müəyyən qədər əyilə bilir.
Xbox üslubunun daha aydın hiss olunduğu digər məhsul isə yaşıl, X formalı yastıqdır. Bununla yanaşı, kolleksiyadakı kreslonun aşağı hissəsində oyun kontrollerlərini, jurnal və kitabları saxlamaq üçün torşəkilli bölmə yerləşdirilib. Televizor altlığı ağ və qara rənglərdə təqdim edilir. Təkərlərlə təchiz olunan bu mebelin üzərində oyun konsolu və digər cihazlar üçün rəflər və aksesuarları asmaq üçün hissələr var. Kolleksiyadakı yan masa da təkərlidir və əlavə əşyaların saxlanması üçün yaşıl rəfə malikdir.
IKEA həmçinin Xbox kontrollerlərini dekorativ şəkildə nümayiş etdirmək üçün güzgülü qutu hazırlayıb. Digər maraqlı məhsul isə kontrollerdəki D-pad düyməsindən ilhamlanan metal dekorativ qabdır. IKEA-nın dizayneri David Wahl bildirib ki, ilk Xbox satışa çıxarkən onu əldə etmək üçün 25 il əvvəl bütün gecəni növbədə keçirib. Buna görə də Xbox kontrollerinin formalarının onun üçün nostalji əhəmiyyəti var. Dizaynerin sözlərinə görə, əsas çətinlik analoq stikin formasını qorumaqla onu rahat və stabil oturacağa çevirmək olub. IKEA Yxstaby kolleksiyasının 2026-cı ilin payızında satışa çıxarılması planlaşdırılır. Məhsulların dəqiq satış tarixi və qiymətləri isə bazardan asılı olaraq dəyişəcək.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...