main-post-cover

    İnsayderlər: Apple 2 ədəd qatlana bilən smartfon test edir

    Cihazlar+
    06.01.2021
    Emil Nəcəfov
        İnternetdə artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Apple şirkəti digər istehsalçılar kimi öz qatlana bilən smartfon modeli üzərində çalışır. İndi isə bu mövzu ilə əlaqədar yeni məlumat ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. İnsayderlərin verdikləri yeni məlumata əsasən Apple şirkəti Foxconn-un Şençjen şəhərindəki zavodunda qatlana bilən iPhone modelinin iki prototipini test edir. Məlumata əsasən prototiplərdən biri Galaxy Z Fold 2-yə, digəri isə Galaxy Z Flip-ə bənzəyir. Məlumatda qeyd edilib ki, zavodda hazır smartfonlar test edilmir.
        İlk növbədə onların gövdələri və ekranları test edilir. Başqa sözlə desək, aparılan testlərin əsas məqsədi smartfonların şarnir konstruksiyaları ilə ekranların qoruyucu örtüklərinin dözümlülüklərini yoxlamaqdır. İnsayderlər qeyd ediblər ki, hər iki prototip testlərdən uğurla keçib. Lakin nəticədə Apple irimiqyaslı istehsal üçün yalnız bir modeli seçəcək və əsas diqqətini ona ayıracaq. Bunun hansı model olacağı barəsində bir məlumat yoxdur. Bu cür smartfonun istehsalına nə zaman start veriləcəyi də bilinmir. Lakin daha əvvəlki məlumat sızıntılarında qeyd olunmuşdu ki, Apple şirkətinin qatlana bilən smartfon modeli 2022-ci ildən tez satışa çıxmayacaq.
    Linki kopyala