Instagram Meta ağıllı eynəklərlə çəkilən gizli videolara qarşı tədbirləri sərtləşdirir
Instagram Meta-nın ağıllı eynəkləri vasitəsilə gizli şəkildə çəkilən və insanları narahat edən videolara qarşı yeni məhdudiyyətlər tətbiq etməyə başlayıb. Platforma bundan sonra başqalarını alçaldan, təqib edən və ya onların xəbəri olmadan çəkilərək paylaşılan məzmunları siləcəyini açıqlayıb.
Instagram rəhbəri Adam Mosseri bildirib ki, xüsusilə son dövrlərdə geniş yayılan "pickup" videoları, yəni insanların xəbəri olmadan onlara yaxınlaşıb telefon nömrəsi istənilən və bütün prosesin gizli şəkildə çəkildiyi videolar platformanın qaydalarını pozur. Eyni qayda mağaza kassirləri, restoran əməkdaşları və digər insanlara qarşı hazırlanan prank videolarına da şamil olunacaq.
Business Insider-in məlumatına görə, Meta artıq ağıllı eynəklərlə qadınları gizli çəkərək məzmun paylaşan, hər biri 1 milyondan çox izləyicisi olan iki hesabı da bağlayıb. Şirkət hesabların təhqir və təqib xarakterli məzmun siyasətini pozduğunu təsdiqləsə də, neçə hesabın və videonun silindiyini açıqlamayıb.
Paylaş
