iPad planşet bazarındakı dominantlığını qoruyub saxlayır
Apple planşet bazarında liderliyini qoruyaraq 2024-cü ilin dördüncü rübündə qlobal bazar payının 42.3%-ni əldə edib. Canalys-in ən son hesabatına görə, şirkət 16.9 milyon iPad tədarük edib ki, bu da 2023-cü ilin dördüncü rübündəki 14.8 milyon ədədə nisbətən 2.1 milyon ədəd daha çoxdur. Apple-ın bazardakı ən yaxın rəqibi Samsung olaraq qalır. Şirkət 7 milyon planşet satıb və bazar payının 17.8%-ni əldə edib. Lenovo, Huawei və Xiaomi isə müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerləri tutublar.
2024-cü ilin yekunlarına görə, Apple təxminən 57 milyon iPad tədarük edib və bazar payının 38.6%-ni əldə edib. Bu göstərici Samsung-un satışlarından 2 dəfə çoxdur. Samsung cəmi 27.8 milyon planşet tədarük edib. 2024-cü ildə Apple iPad Pro seriyasını yeniləyərək onları M4 prosessoru ilə təchiz etdi. Həmçinin iPad mini yenilənərək A17 Pro prosessoru, iPad Air isə M2 prosessoru ilə təkmilləşdirildi. 2025-ci ildə şirkət büdcəli seqmentə aid iPad və iPad Air modellərini yeniləməyi planlaşdırır.
Apple mağazalarında iPad Air və MacBook Air stokları sürətlə azalır, bu da yeni modellərin tezliklə təqdim olunacağına işarə edir. Yeni MacBook Air-in M4 prosessoru ilə təchiz ediləcəyi gözlənilir ki, bu da əvvəlki modellərlə müqayisədə əhəmiyyətli dərəcədə daha yüksək performans təmin edəcək. iPad Air-ə gəlincə, Bloomberg saytının məşhur insayderi Mark Gurman sözlərinə əsasən yeni modelin M4 prosessoru ilə təchiz olunma ehtimalı var. Bununla belə, bəzi mənbələr isə Apple-ın M3 prosessoru üzərində dayanacağını qeyd edirlər. M3, M4-dən daha zəif xüsusiyyətlərə malik olsa da, planşet üçün kifayət qədər güclü hesab olunur.