
Dünən xəbər ortaya çıxdı ki, Çin hökuməti öz məmurlarına iş yerlərində iPhone-lardan istifadəni qadağan edib. İndi isə məlum olub ki, Çinin dövlət idarələrində iPhone-ların istifadə qadağası daha da genişləndiriləcək. Belə ki, bu qadağa daha çox dövlət idarəsini və dövlət şirkətini əhatə edəcək. Bu barədə məlumatı Bloomberg saytı təqdim edib. Bu cür qadağa öz növbəsində Apple üçün ciddi itkilər deməkdir. Çünki Çin miqyasında bu cür qadağa yüz minlərlə və hətta milyonlarla istifadəçini əhatə edəcək. Qeyd etmək lazımdır ki, Çin Apple üçün ən böyük xarici bazardır. Bununla yanaşı Apple cihazlarının böyük hissəsi məhz Çində istehsal edilir.
Çinin bir neçə dövlət idarəsi artıq öz əməkdaşlarına işə Apple cihazlarını gətirməyi qadağan edib. Pekin bu qadağanı dövlət şirkətlərinə və dövlət tərəfindən idarə olunan digər təşkilatlara tətbiq etməyi hədəfləyib. Əgər Çin hökuməti bu mövzuda daha da irəli getsə, ölkədə xarici texnologiyaların aradan qaldırılması təşəbbüsü inanılmaz miqyası əhatə edəcək. Bu isə Apple şirkətinin Çin bazarındakı mövqelərinə təsir göstərə bilər. Belə ki, Çin Apple gəlirlərinin 1/5 hissəsini təmin edən bazardır. iPhone-ların dövlət strukturlarında qadağan edilməsi ilə bağlı rəsmi bildiriş və ya məktub hələ yoxdur.
Buna görə də Apple smartfionlarının konkret olaraq hansı dövlət şirkətlərində və təşkilatlarında qadağan olunduğunu söyləmək çətindir. Çox güman ki, müxtəlif yerlərdə qadağa səviyyəsi fərqli olacaq. Bəzi yerlərdə iPhone-ların yalnız iş yerlərinə gətirilməsi, bəzi yerlərdə isə əməkdaşlara ümumiyyətlə iPhone-lardan istifadə qadağası tətbiq edilə bilər. Rəsmi Pekinin bu qərarı artıq Apple şirkətinin səhmlərinin ümumi dəyərini 3.6% endirib. Rəsmi Vaşinqtonun aqressiv siyasətinə baxmayaraq Apple məhsulları Çində çox məşhurdurlar. iPhone modelləri isə çinli vətəndaşlar arasında demək olar premium cihazlar hesab edilir. Üstəlik bu smartfonlar dövlət sektorunda da geniş yayılıblar.