
ABŞ öz məmurlarına TikTok-dan Huawei smartfonlarından və Çin istehsalı olan dronlardan istifadə etməyi qadağan edir. İndi isə məlum olub ki, Çin öz məmurlarına Apple smartfonlarından istifadəni qadağan edib. The Wall Street Journal-ın vermiş olduğu məlumata əsasən Çinin mərkəzi dövlət orqanlarının məmurları dövlət təşkilatları ilə bağlı olan binalara iPhone-ların gətirilməməsi və ümumiyyətlə iş yerlərində Apple smartfonlarından istifadə edilməməsi göstərişini əldə ediblər.
Bu qərar Çinin xarici texnologiyalardan asılılığının aşağı salınması təşəbbüsü çərçivəsində qəbul edilib. Qəbul edilmiş qərar həmçinin ölkədə kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə hədəflənib. Güman olunur ki, Çin hökumətinin bu cür qərarı xarici brendlərin mövqelərinə mənfi təsir göstərəcək. Məsələn Apple öz ümumi gəlirinin 20%-ni məhz Çin bazarından əldə edir. Çin hökuməti dövlət şirkətlərini xarici texnologiyalardan və proqram təminatlarından tamamilə imtina etməyə çağırır. Hökumətin fikrincə yerli analoqlar daha təhlükəsiz və idarə olunandırlar.