İstifadəçilər bilmədən şəxsi videolarını paylaşa bilər! Meta yenidən tənqid hədəfində
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Meta şirkətinin süni intellekt dəstəkli ağıllı eynəklərindən istifadə edən Avropa istifadəçilərinin, fərqində olmadan şəxsi və həssas videolarını insan moderatorlarla paylaşdığı iddia olunur. İsveçin Svenska Dagbladet qəzetinin yayımladığı araşdırmaya görə, AI məlumatlarının yoxlanılması ilə məşğul olan bəzi əməkdaşlar istifadəçilərə aid olduqca şəxsi görüntülərə baxdıqlarını bildiriblər.
Meta-nın Ray-Ban Display kimi AI funksiyalı eynəkləri istifadəçilərə baxdıqları görüntünü qeyd etməyə və Meta AI köməkçisi vasitəsilə suallar verməyə imkan yaradır. Lakin bu funksiyalardan istifadə etmək üçün istifadəçilər xidmət şərtlərini qəbul etməlidirlər və həmin şərtlərə əsasən, toplanan məlumatlar həm avtomatik sistemlər, həm də insanlar tərəfindən nəzərdən keçirilə bilər.
Şirkətin böyük dil modellərinin (LLM) düzgün işləməsi üçün insan moderatorların məlumatları analiz etməsi tələb olunur. Bu səbəbdən videolar Avropa İttifaqı xaricində, o cümlədən Keniyada yerləşən moderatorlara göndərilə bilər. Mütəxəssislər bildirir ki, bu proses Avropanın GDPR məxfilik qaydalarına uyğunluq baxımından suallar yaradır, çünki istifadəçilərin şəxsi məlumatlarının necə emal edildiyi barədə daha açıq məlumat verilməsi tələb olunur.
Meta isə məsələ ilə bağlı birbaşa şərh verməyərək bildirib ki, canlı AI funksiyası istifadə edilərkən media faylları şirkətin Meta AI xidmət şərtləri və məxfilik siyasətinə uyğun şəkildə emal olunur.
Paylaş