Lego CES 2026-da “Smart Brick” texnologiyasını təqdim etdi
Technote.az “Business Insider” platformasına istinadən bildirir ki, Lego bu il Las-Veqasda keçirilən CES texnologiya sərgisində yeni Smart Play adlı texnologiyasını təqdim edib. Bu yeniliyin mərkəzində isə Lego-nun klassik 2x4 ölçülü, daxilində sensorlar, işıqlar və kiçik səsgücləndirici olan Smart Brick dayanır.
Şirkət bildirir ki, Smart Brick Lego tarixində 1978-ci ildə fiqurların təqdim olunmasından sonra baş verən ən əhəmiyyətli yeniliklərdən biridir. Texnologiya sayəsində Lego konstruksiyalarında işıq effektləri, səslər və hərəkətə reaksiya verən elementlər mümkün olur. Məsələn, “Star Wars” mövzulu işıq qılıncları toqquşduqda səs çıxarır, Lego təyyarələri işıqlanır, yarış maşınları isə mühərrik səsi ilə hərəkət edir.
Lakin bu yenilik Lego-nun yetkin pərəstişkarları olan AFOL (Adult Fans of Lego) icması arasında birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər Lego-nun ən böyük gücünün texnologiya deyil, təsəvvür və yaradıcılıq azadlığı olduğunu düşünür və oyuncaqların getdikcə “texnolojiləşməsindən” narahatdır.
Digər tərəfdən, bir çox Lego həvəskarı və sənaye müşahidəçiləri texnologiyanı maraqlı və perspektivli hesab etsə də, elektron komponentlərin qiymətlərin daha da artmasına səbəb ola biləcəyindən ehtiyatlanır. Lego isə bu addımı ənənəvi oyunu müasir texnologiya ilə birləşdirmək cəhdi kimi təqdim edir.
Paylaş
Bənzər xəbərlər