Meta ağıllı eynəklərində gizli üz tanıma funksiyası aşkarlanıb
Meta şirkəti ağıllı eynəkləri üçün nəzərdə tutulmuş tətbiqdə aşkarlanan üz tanıma ilə bağlı kodları qısa müddət sonra səssiz şəkildə silib. Bu barədə Wired nəşri məlumat yayıb. Məlumata görə, Meta AI tətbiqinin kodları araşdırılarkən şirkət daxilində “Name Tag” adlandırılan və üzlərin tanınmasına xidmət edə biləcək funksiyanın izləri aşkarlanıb. Maraqlıdır ki, bu kodlar Meta ağıllı eynəklərini istifadəçinin smartfonu ilə Bluetooth vasitəsilə qoşmağa xidmət edən tətbiqin daxilində yerləşdirilmişdi.
Wired-in araşdırmasına əsasən, sözügedən sistem insanların üz şəkillərini biometrik identifikatorlara çevirərək cihaz daxilində saxlaya və sonrakı üz skanları ilə müqayisə edə biləcək şəkildə hazırlanmışdı. Nəşr bu kodları iyunun 4-də aşkar edib, Meta isə artıq iyunun 5-də yeniləmə yayımlayaraq onları tətbiqdən tamamilə silib. Əslində, bu istiqamətdə işlərin aparıldığı daha əvvəl də məlum idi. Bu ilin fevral ayında The New York Times Meta-nın ağıllı eynəklərinə üz tanıma funksiyası əlavə etməyi araşdırdığını yazmışdı. Həmin xəbərdə də “Name Tag” adlı daxili layihənin adı çəkilmişdi.
Bildirilir ki, funksiyanın məqsədi istifadəçilərə daha əvvəl tanış olduqları insanları xatırlamaqda kömək etmək olub. Lakin bu yanaşma məxfilik baxımından ciddi suallar doğurur. Çünki belə bir sistem istifadəçinin ətrafındakı insanların xəbəri olmadan onların üzlərini analiz edə və müəyyən məlumatları cihazda saxlaya bilərdi. Meta-nın ağıllı eynəkləri məşhur Ray-Ban və Oakley brendlərinin sahibi olan Luxottica ilə əməkdaşlıq çərçivəsində istehsal olunur. Son dövrlərdə bu məhsullar məxfiliklə bağlı mübahisələrin mərkəzində yer alır. Sosial şəbəkələrdə bəzi istifadəçilərin eynəklərdən insanları gizli şəkildə çəkmək və narahat etmək məqsədilə istifadə etməsi də tənqidlərə səbəb olub.
Şirkət daha əvvəl başqa bir qalmaqalla da gündəmə gəlmişdi. İsveç mediasının araşdırmasına əsasən, Keniyada çalışan əməkdaşlar Meta ağıllı eynəkləri ilə çəkilmiş videoları nəzərdən keçirirdilər. Bu videolar arasında şəxsi və həssas məzmunların da olduğu iddia edilmişdi. Meta-nın kommunikasiya üzrə vitse-prezidenti Andy Stone Wired-ə açıqlamasında bildirib ki, sözügedən funksiya yalnız sınaq layihəsi idi və şirkət onun gələcəyi ilə bağlı hələ rəsmi qərar verməyib.
Paylaş