Meta görmə məhdudiyyətli şəxslərə 15 min AI eynəyi pulsuz verəcək
Meta İrlandiyada görmə məhdudiyyətli şəxslərə 15 min ədəd Ray-Ban Meta süni intellekt eynəyini pulsuz təqdim edəcək. Şirkət eynəkləri ölkədə görmə məhdudiyyətli şəxslərə dəstək göstərən Vision Ireland təşkilatına verəcək. Meta-nın məlumatına görə, ayrılan 15 min eynək Vision Ireland-ın dəstək göstərdiyi bütün yetkin görmə məhdudiyyətli şəxsləri əhatə etmək üçün kifayətdir. Eynəyi əldə etmək istəyən şəxslər əvvəlcə Vision Ireland vasitəsilə qeydiyyatdan keçməli olacaqlar. Uyğun namizədlərin seçimini də məhz təşkilat həyata keçirəcək.
Ray-Ban Meta eynəklərinin süni intellekt funksiyaları görmə məhdudiyyətli insanlar üçün gündəlik həyatda xüsusilə faydalı ola bilər. Eynək ətrafdakı obyektləri tanıya, mətnləri səslə oxuya və istifadəçiyə qarşısında olan mühiti təsvir edə bilir. Məsələn, istifadəçi eynəkdən mağazada məhsulu müəyyənləşdirməyi və ya qarşısındakı yazını oxumağı istəyə bilər. Eynək həmçinin mesajları səsləndirə və Meta AI vasitəsilə istifadəçinin cavab göndərməsinə kömək edə bilir. Meta cihazı Be My Eyes xidməti ilə də inteqrasiya edib. Bunun sayəsində istifadəçi eynək vasitəsilə könüllü ilə video əlaqə yaradaraq geyim seçmək və ya mağazada lazım olan məhsulu tapmaq kimi gündəlik işlərdə kömək ala bilər.
Paylaş
