Microsoft Apple və Google ilə rəqabət planını təxirə saldı
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Microsoft-un illərdir planlaşdırdığı Xbox mobil oyun mağazası layihəsi hələ də reallaşmayıb. Şirkət layihəni tam ləğv etməsə də, hazırda proses faktiki olaraq dayandırılıb və gələcəyi qeyri-müəyyən olaraq qalır. Microsoft ilk dəfə 2022-ci ildə Xbox mobile store üzərində işlədiyini açıqlamışdı. Hətta keçmiş Xbox prezidenti Sarah Bond 2024-cü ilin iyul ayında platformanın istifadəyə veriləcəyini bildirmişdi. Lakin bu planlar həyata keçməyib.
Son məlumata görə, Microsoft-un sınaqdan keçirdiyi mobil mağazanın rəsmi saytı artıq aktiv deyil. Bu da layihənin bir müddətdir yenilənmədiyini və inkişafının dayandığını göstərir. Layihənin əsas məqsədi Apple və Google kimi nəhənglərin tətbiq mağazalarına rəqib olmaq idi. Əsas problem isə məhz bu platformaların sərt qaydaları olub. Mobil ekosistemlərdə tətbiq mağazalarına qoyulan məhdudiyyətlər Microsoft-un öz alternativ mağazasını yaratmasını çətinləşdirib. Şirkət ümid edirdi ki, Digital Markets Act kimi qanunvericilik dəyişiklikləri və ya ABŞ-də məhkəmə qərarları bu sahədə daha açıq mühit yaradacaq. Lakin gözləntilər tam doğrulmayıb.
Hazırda Microsoft-un oyun bölməsinin rəhbəri Asha Sharma bildirib ki, layihə dayandırılsa da, ideya hələ də gündəmdədir: “Mobil bazarda rəqabət vacibdir və biz daha açıq oyun ekosisteminə inanırıq. Xbox mobil mağazası ideyası ölməyib.” Şirkət sonradan strategiyasını dəyişərək veb əsaslı həll üzərində fokuslanmağa çalışıb. Bu model oyun daxili alışlar və endirimlər təklif etməyi nəzərdə tuturdu. Lakin bu yanaşma da gözlənilən effekti verməyib. Daha əvvəl Phil Spencer qeyd etmişdi ki, Microsoft-un məqsədi Xbox məzmununu istənilən cihazda təqdim etməkdir. Ancaq hazırkı mobil platforma məhdudiyyətləri buna imkan vermir.
Aradan üç il keçməsinə baxmayaraq, Microsoft hələ də mobil platformaların daha açıq hala gəlməsini gözləyir. Bu isə Xbox mobil mağazasının yaxın zamanda istifadəyə veriləcəyini şübhə altına alır.
Paylaş