Logo
    main-post-cover

    Microsoft-dan Xbox üçün kritik addım

    Cihazlar+
    21.05.2026
    Sevinj
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Microsoft Xbox platformasının gələcəyini yenidən formalaşdırmaq üçün video oyun sənayesinin tanınmış analitiklərindən biri olan Metyu Ball-u Xbox-ın yeni Baş Strategiya Direktoru vəzifəsinə təyin edib.
        The Game Business nəşrinin məlumatına görə, Ball-un əsas vəzifəsi şirkətin son illərdə zəifləyən konsol seqmentini gücləndirmək və Xbox üçün yeni inkişaf strategiyası hazırlamaq olacaq. Şirkət hazırda qlobal yaddaş çipi çatışmazlığı, Microsoft daxilində rəhbərlik dəyişiklikləri və Sony, Nintendo, eləcə də bazara daxil olmağa hazırlaşan Valve ilə sərt rəqabət fonunda fəaliyyət göstərir.
        Metyu Ball texnologiya və oyun sənayesində dərin analizləri ilə tanınır. O, əvvəllər rəqəmsal istehsal və investisiya şirkəti olan Epyllionun qurucusu və rəhbəri olub, həmçinin hər il oyun bazarının vəziyyətinə dair geniş hesabatlar dərc edib. Ball eyni zamanda metavers mövzusunda yazdığı kitabla da tanınır və bu əsər texnologiya dünyasının aparıcı fiqurları tərəfindən yüksək qiymətləndirilib.
        Bu təyinat Microsoft-un oyun bölməsində baş verən böyük struktur dəyişikliklərindən sonra gerçəkləşib. Fevral ayında Xbox rəhbəri Fil Spenser və şirkət prezidenti Sara Bond vəzifələrindən ayrılıb. Bundan əlavə, Microsoft-un Azure OpenAI və AI infrastrukturu üzrə keçmiş rəhbərlərindən Skott Van Vliet də Xbox-a yeni Texnologiya Direktoru kimi qoşulub.
        Bu dəyişikliklər Microsoft-un 2025-ci ilin iyulunda həyata keçirdiyi böyük ixtisarlardan sonra baş verir. Həmin ixtisarlar oyun bölməsinə ciddi təsir göstərmiş, bir neçə oyun layihəsinin ləğvinə və studiyaların bağlanmasına səbəb olmuşdu. Bu proses, Microsoft-un son illərdə Double Fine, Compulsion Games, ZeniMax Media və 2023-cü ildə 69 milyard dollara aldığı Activision Blizzard kimi iri studiyaları satın almasından sonra şirkətin oyun strategiyasında yeni mərhələyə keçdiyini göstərir.N
    Paylaş