Logo
    main-post-cover

    Microsoft qarışıq reallıq cihazı üzərində çalışır

    Cihazlar+
    09.08.2024
    Emil
         The Elec saytının vermiş olduğu məlumata əsasən Microsoft şirkəti Samsung Display-ə çoxlu sayda micro OLED ekranın istehsalı sifarişini verib. Məlumatda qeyd edilib ki, Samsung Display yüz minlərlə micro OLED ekranın istehsal öhdəliyini öz boynuna götürüb. The Elec saytı bildirib ki, Microsoft istehsal ediləcək micro OLED ekranları özünün qarışıq reallıq cihazında istifadə edəcək. Maraqlısı ondadır ki, Apple şirkəti hələ keçən il intellektual mülkiyyət ilə bağlı hesabatında qeyd etmişdi ki, Microsoft şirkəti Vision Pro-nun EyeSight adlı funksiyasını kopyalamağa çalışıb.
         Qeyd etmək lazımdır ki, bu funksiya istifadəçinin qarışıq reallıq cihazını taxdığı halda belə onun xarici ekranında istifadəçinin gözlərinin əks olunmasına şərait yaradır. Beləliklə Vision Pro istifadəçisi cihazı çıxartmadan kənar şəxslə ünsiyyətini davam etdirə bilər. Microsoft-un bu funksiyanı kopyalamaq istəməsi isə onun öz qarışıq reallıq cihazı üzərində çalışdığına işarə edir. Lakin The Elec saytının məlumatında qeyd edilib ki, Vision Pro-dan fərqli olaraq Microsoft öz cihazını müxtəlif növ kontenlərin baxışında istifadə edəcək şəxslər üçün hazırlamaq istəyir. Yəni Microsoft metakainat bazarını ələ keçirtmək kimi bir niyyətə sahib deyil. Bununla yanaşı məlumatda qeyd edilib ki, layihə hələ ilkin hazırlanma mərhələsindədir və onun üzərində işlər 2026-cı ilə kimi davam edə bilər.
    Paylaş