Logo
    main-post-cover

    Microsoft Surface Hub seriyasını rəsmi olaraq bağlayır

    Cihazlar+
    15.04.2026
    Sevinj
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Microsoft iri ölçülü interaktiv ofis ekranları olan Surface Hub seriyasını dayandırmağa hazırlaşır. Xarici mənbələrin yaydığı məlumata görə, şirkət artıq Surface Hub 3 modelinin istehsalını dayandırır və gələcəkdə təqdim olunması gözlənilən Surface Hub 4 layihəsini də ləğv edib.
        İlk dəfə 2015-ci ildə təqdim edilən Surface Hub seriyası Microsoft-un “gələcəyin ofisi” konsepsiyasının bir hissəsi kimi bazara çıxarılmışdı. Bu cihazlar əsasən böyük şirkətlər və korporativ ofislər üçün nəzərdə tutulmuş nəhəng sensor ekranlı ağıllı lövhələr idi. Məhsul 50 düym və 85 düym olmaqla iki versiyada satışa çıxarılmış, qiymətləri isə müvafiq olaraq 8 min və 20 min dollar təşkil etmişdi. Microsoft bu seriyanı illər ərzində bir neçə dəfə yeniləmişdi. Xüsusilə modul dizayn sayəsində istifadəçilər cihazın daxili komponentlərini, məsələn prosessor və ana platanı bütün ekranı dəyişmədən yeniləyə bilirdilər. Şirkət bunu uzunömürlü və modern iş mühiti həlli kimi təqdim etsə də, məhsul gözlənilən qədər geniş yayılmadı.
        Mütəxəssislərin fikrincə bunun əsas səbəblərindən biri pandemiyadan sonra iş modelinin dəyişməsi olub. Uzaqdan və hibrid iş rejiminin sürətlə yayılması nəticəsində şirkətlər fiziki ofis avadanlıqlarına əvvəlki qədər yatırım etməyi dayandırıblar. Bu isə bahalı və iri ölçülü Surface Hub cihazlarına olan tələbatı ciddi şəkildə azaldıb. Məlumata görə Microsoft və tərəfdaş mağazalar stokda qalan Surface Hub 3 modellərinin satışını davam etdirəcək. Şirkət həmçinin bildirib ki, Surface Hub 2S və Surface Hub 3 modelləri üçün proqram təminatı, sürücü və təhlükəsizlik yeniləmələri minimum 2027-ci ilə qədər davam edəcək.
        Beləliklə, Microsoft daha bir məşhur Surface məhsul xəttini bağlamış olur. Son illərdə şirkət artıq Surface Duo, Surface Headphones və Surface Studio kimi digər cihazların da inkişafını dayandırmışdı.
    Paylaş