Microsoft Teams-də bezdirən problem həll olunur
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Microsoft onlayn görüşlərdə istifadəçilərin ən çox rastlaşdığı problemlərdən birini həll etməyə hazırlaşır. Microsoft Teams platformasında tez-tez səhvən basılan “əl qaldırma” funksiyası artıq daha az problem yaradacaq.
Şirkət yeni dizayn çərçivəsində “Raise Hand” düyməsini əsas alətlər panelindən çıxararaq “Reactions” bölməsinin altına yerləşdirəcək. Bu dəyişiklik istifadəçilərin emoji göndərmək istədiyi halda səhvən əl qaldırmasının qarşısını almağa yönəlib. Çünki mövcud interfeysdə bu iki funksiya bir-birinə çox bənzəyir və tez-tez qarışdırılır.
Yenilənmə yalnız bununla məhdudlaşmır. İstifadəçilər artıq görüş zamanı istifadə etdikləri alətlər panelini fərdiləşdirə biləcəklər. Belə ki, düymələri istəyə uyğun olaraq əlavə etmək, çıxarmaq, yerini dəyişmək (pin/unpin və reorder) mümkün olacaq. Bundan əlavə, “Leave” düyməsi panelin sağ hissəsində daha aydın şəkildə yerləşdiriləcək ki, istifadəçilər görüşü səhvən tərk etməsin və ya çıxış düyməsini axtarmaqda çətinlik çəkməsinlər.
Bu yeniliklər Microsoft tərəfindən Microsoft 365 yol xəritəsində elan olunub və 2026-cı ilin iyun ayında istifadəyə verilməsi gözlənilir. Şirkət bildirir ki, yeni interfeys əvvəlcə fərqli hiss oluna bilər, lakin daha sürətli və istifadəsi daha rahat olacaq.
Paylaş