Microsoft-un Xbox planı dəyişdi
Microsoft-un Xbox bölməsində həyata keçirilən genişmiqyaslı yenidənqurma Obsidian Entertainment studiyasının planlarını da dəyişib. Məlumata görə, studiya artıq yeni Fallout oyununun hazırlanmasına başlayıb, ötən il təqdim olunan Avowed üçün planlaşdırılan davam oyunu isə ləğv edilib. Bloomberg-in yaydığı məlumata əsasən, Microsoft-un Xbox istiqamətində həyata keçirdiyi restrukturizasiya çərçivəsində təxminən 3 200 əməkdaş işdən çıxarılıb, bəzi studiyalar bağlanıb və şirkət investisiyalarını daha yüksək prioritet hesab etdiyi layihələrə yönəldib.
Bu dəyişikliklərdən təsirlənən studiyalardan biri də Obsidian Entertainment olub. "Grounded", "The Outer Worlds" və "Avowed" kimi oyunların müəllifi olan studiya bir neçə layihəsini dayandırıb. Ləğv edilən layihələr arasında Avowed oyununun davamı da var. Məlumata görə, Avowed 2 üzərində işlər uğurla davam edirdi və oyunun gələn il rəsmi şəkildə təqdim olunması planlaşdırılırdı. Lakin Microsoft-un yeni strategiyası səbəbindən layihənin inkişafı dayandırılıb.
Bunun əvəzində Obsidian diqqətini yeni Fallout oyununa yönəldəcək. Layihəyə isə məşhur Fallout: New Vegas oyununun direktoru Josh Sawyer rəhbərlik edəcək. Bildirilir ki, Sawyer əvvəllər Fallout atmosferinə bənzər, lakin seriyanın bir hissəsi olmayan yeni rol oyunu hazırlayırdı. İndi isə həmin təcrübə birbaşa Fallout franşizasına yönəldilib. Qeyd edək ki, Fallout serialının böyük uğur qazanmasına və üçüncü mövsüm üçün təsdiqlənməsinə baxmayaraq, Xbox sonuncu dəfə bu seriyada 2018-ci ildə Fallout 76 oyununu təqdim etmişdi. Yeni layihə uzun müddətdir gözlənilən əsas Fallout oyunu ola bilər.
Bununla yanaşı, Obsidian hazırda Grounded 2 oyununun erkən giriş versəsi və The Outer Worlds 2 üçün hazırlanacaq əlavə məzmun (DLC) üzərində işləməyə davam edəcək. Məsələ ilə bağlı Microsoft-un Xbox nümayəndəsi rəsmi şərh verməkdən imtina edib.
Paylaş