Microsoft-un yeni nəsil Xbox konsolu 2027-ci ildə təqdim oluna bilər
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Microsoft ötən il AMD ilə əməkdaşlıq çərçivəsində yeni nəsil Xbox konsolu üzərində işlədiyini təsdiqləmişdi. İndi isə AMD-nin açıqlaması bu konsolun mümkün çıxış tarixinə işıq salır.
AMD-nin baş direktoru Lisa Su son maliyyə hesabatı zamanı bildirib ki, Microsoft-un yeni nəsil Xbox konsolu üçün hazırlanacaq xüsusi AMD çiplərinin (semi-custom SoC) inkişaf prosesi 2027-ci ildə mümkün təqdimata uyğun şəkildə irəliləyir.
Qeyd edək ki, Microsoft və AMD ötən il strateji çoxillik tərəfdaşlıq elan edib. Bu əməkdaşlıq çərçivəsində tərəflər yalnız yeni Xbox konsolları deyil, həm də Xbox Cloud Gaming serverləri üçün növbəti nəsil texnologiyalar üzərində birgə çalışır. Microsoft-un açıqlamasına görə, bu konsollar həm evdə, həm də portativ istifadəyə uyğun olacaq.
Microsoft hələlik yeni Xbox üçün rəsmi təqdimat tarixini açıqlamayıb. FTC və Microsoft məhkəmə işi zamanı sızdırılan sənədlərdə 2028-ci il qeyd olunsa da, şirkət bu məlumatların artıq aktual olmadığını vurğulamışdı. Həmin sənədlərdə xüsusi AMD CPU və birgə dizayn edilmiş AMD GPU-dan istifadə planları yer alırdı.
Paylaş