Microsoft-un yeni qiymət artımı noutbukları bahalaşdıra bilər
Windows kompüterlərinin qiymətində yeni bahalaşma dalğası yarana bilər. Tayvanın United Daily News (UDN) nəşrinin məlumatına görə, Microsoft kompüter istehsalçılarından Windows 11 üçün aldığı lisenziya ödənişlərini əvvəlkindən daha yüksək templə artırıb.
UDN-yə danışan və adı açıqlanmayan kompüter şirkəti rəhbərinin sözlərinə görə, Microsoft adətən Windows lisenziya qiymətlərini hər il cüzi şəkildə artırırdı. Lakin bu ilin iyulundan etibarən istehsalçılar üçün lisenziya ödənişlərində orta hesabla 7-10 faiz artım qeydə alınıb. Məlumata görə, artım bütün kompüterlər üçün eyni deyil. Lisenziyanın qiyməti cihazda istifadə olunan prosessorun səviyyəsindən asılı olaraq dəyişə bilər. Daha güclü və bahalı prosessorlarla təchiz edilmiş kompüterlərdə lisenziya xərclərinin artımı daha yüksəkdir.
Bu dəyişiklik artıq bəzi kompüterlərin satış qiymətinə təsir göstərməyə başlayıb. Bunun əsas səbəbi istehlakçılara satılan Windows noutbuk və masaüstü kompüterlərinin böyük əksəriyyətinin əməliyyat sistemi əvvəlcədən quraşdırılmış şəkildə təqdim edilməsidir. İstehsalçının Windows üçün ödədiyi əlavə xərc nəticədə cihazın qiymətinə əlavə oluna bilər. Bununla belə, kompüterini özü yığan istifadəçilər üçün ayrıca satılan Windows 11 lisenziyalarının pərakəndə qiymətində hazırda dəyişiklik olmadığı bildirilir. Microsoft isə məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Şirkət Mashable-a hazırda paylaşacağı hər hansı məlumatın olmadığını bildirib.
Paylaş
