Logo
    main-post-cover

    Microsoft Xbox Game Pass-i Çinə gətirməyə hazırlaşır

    Cihazlar+
    13.05.2026
    Sevinj
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Microsoft şirkətinin Xbox Game Pass xidmətini gələcəkdə Çin bazarında istifadəyə verməyə hazırlaşdığı iddia olunur. Buna səbəb isə Xbox PC tətbiqinin son yenilənməsində aşkarlanan yeni kod istinadları olub. Məlumata görə, tətbiqdə “Project Saluki” adlı daxili layihədən bəhs edilir və bu layihə “Game Pass, Rewards və abunə paketlərinin Çin bazarında genişləndirilməsi” kimi təsvir olunur.
    Xbox Game Pass explained: a complete guide | Stuff
        Hazırda Microsoft Çində Activision Blizzard oyunlarını təqdim etsə də, Xbox Game Pass xidməti ölkədə rəsmi olaraq aktiv deyil. Bunun əsas səbəbi isə Çində video oyun bazarının ciddi dövlət nəzarəti altında olmasıdır. Ölkədə satışa çıxarılan hər bir oyun xüsusi tənzimləyici qurumlar tərəfindən təsdiqlənməlidir. Bu da Game Pass kimi böyük oyun kitabxanasına sahib xidmətlərin fəaliyyətini çətinləşdirir.
        Bununla belə, “Project Saluki” Microsoft-un Çin bazarı üçün xüsusi və məhdudlaşdırılmış Game Pass kataloqu hazırlaya biləcəyini göstərir. Şirkətin bu addımı atması təsadüfi deyil. Microsoft 2014-cü ildə Xbox One konsolunu Çində satışa çıxararaq 14 illik oyun konsolu qadağasından sonra ölkəyə daxil olan ilk böyük istehsalçı olmuşdu.
        Xbox tətbiqində diqqətçəkən digər detal isə “Positron” adlı yeni layihədir. Məlumata görə, bu sistem “Disc2Digital” funksiyasını aktiv edə bilər. Yəni istifadəçilər fiziki diskdə olan oyunlarını rəqəmsal lisenziyaya çevirə bilərlər. Microsoft bu ideyanı ilk dəfə Xbox One dövründə təqdim etməyə çalışmışdı. Lakin oyun nəşriyyatları və ikinci əl oyun bazarından gələn təzyiqlər səbəbindən layihə ləğv edilmişdi.
     
    Paylaş