Microsoft Xbox təcrübəsini yeniləyir
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Microsoft Xbox istifadəçiləri üçün uzun müddətdir gözlənilən bir yeniliyi təqdim edib. Artıq Xbox Series X və Xbox Series S sahibləri “Quick Resume” funksiyasını istədikləri oyunlar üçün ayrıca söndürə biləcəklər.
Bu xüsusiyyət ilk dəfə konsolların təqdimatı zamanı əsas yeniliklərdən biri kimi çıxış edirdi. “Quick Resume” sayəsində oyunçular bir neçə oyunu eyni anda dayandıraraq daha sonra heç bir irəliləyiş itirmədən davam edə bilirdilər. Lakin xüsusilə daimi internet bağlantısı tələb edən oyunlarda bu funksiya problemlər yaradırdı. Oyun yenidən əsas menyuya qayıdır, yenidən qoşulma tələb edir və bəzən tam restart lazım olurdu.
Yeniləmə ilə Microsoft bu problemi həll edərək istifadəçilərə hər oyun üçün “Quick Resume” funksiyasını deaktiv etmək imkanı verib. Bu isə xüsusilə onlayn oyun oynayanlar üçün daha stabil və rahat təcrübə vəd edir. Aprel yeniləməsi bununla məhdudlaşmır. Artıq istifadəçilər Xbox ana ekranında daha çox oyun qrupunu “pin” edə, interfeys üçün fərdi rəng seçə və konkret oyun üzrə oyun tarixçəsinə daha asan baxa biləcəklər.
PC tərəfdə isə Xbox PC App bir sıra yeni imkanlar əldə edib. İstifadəçilər artıq istənilən gamepad vasitəsilə siçan kursorunu idarə edə, “jump back in” və “most recent” bölmələrinə oyunlar əlavə edə və hətta Microsoft platformasından yüklənməmiş oyunları belə kitabxanaya daxil edə biləcəklər. Bundan əlavə, şirkət ASUS-un portativ oyun cihazlarında yeni Automatic Super Resolution texnologiyasını test etməyə başlayıb. Bu texnologiya performansı qoruyaraq görüntü keyfiyyətini artırmağı hədəfləyir.
Paylaş