Nintendo maliyyə nəticələrini açıqlayıb
Şirkət 2026-cı maliyyə ilinin ilk rübündə gözləntiləri üstələyən nəticələr əldə edib. Aprel–iyun aylarını əhatə edən dövrdə Nintendo-nun əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 150,5 % artaraq 142,5 milyard yenə (təxminən 902 milyon dollar) çatıb. Keçən ilin eyni rübündə bu göstərici 56,9 milyard yen (360 milyon dollar) idi. Mənfəətin artmasına əsas səbəblərdən biri oyun satışlarının güclənməsi olub. Switch 2 üçün oyun satışları ötən illə müqayisədə 9,2 %, ilk nəsil Switch üçün oyun satışları isə 38,6 % artıb.
Switch 2 konsolunun satışları əvvəlki rübdəki 5,82 milyon ədəddən 3,82 milyon ədədə düşsə də, bu rəqəm yenə də ötən rübdə satılan 2,49 milyon ədəddən yüksəkdir. Şirkətin yüksək mənfəətində ABŞ gömrük rüsumları (tariflər) ilə bağlı aldığı təxminən 300 milyon dollarlıq geri ödəniş də mühüm rol oynayıb. Nintendo bildirib ki, bu məbləğ satış xərclərinin azalması kimi maliyyə hesabatına daxil edilib.
Bununla yanaşı, Nintendo hesab edir ki, bu vəsait istehlakçılara qaytarılmalı deyil. Şirkətin sözlərinə görə, tariflərin yaratdığı əlavə xərclərin əsas hissəsini özü qarşılayıb və bunu məhsul qiymətlərinə tam şəkildə əks etdirməyib. Buna görə də şirkət düşünür ki, daha yüksək qiymətə Switch alan istifadəçilərin həmin geri ödənişdən pay tələb etmək hüququ yoxdur. Hazırda Nintendo bu mövqeyini məhkəmədə də müdafiə edir. Şirkət tariflər səbəbindən konsol qiymətlərini artırdığı halda sonradan dövlət tərəfindən geri ödənilən vəsaiti almasına görə açılmış iddianın ləğv edilməsini istəyir. Oxşar məhkəmə prosesi ilə Sony də üzləşib. PlayStation istifadəçiləri şirkəti qiymət artımından sonra tarif geri ödənişlərini də əldə etməklə "ikiqat qazanc" əldə etməkdə ittiham edirlər.
Paylaş
