Nirva yalnız sahibinin səsini yazan kulon üçün 42,5 milyon manat toplayıb
“Nirva” yalnız sahibinin səsini qeydə alan süni intellekt kulonu üçün 25 milyon dollar (42,5 milyon manat) yeni investisiya cəlb edib. Şirkət ilin əvvəlində 8 milyon dollar (13,6 milyon manat) toplamışdı. Bununla da ümumi investisiyanı 33 milyon dollara çatdırıb (56,1 milyon manat). Zinət əşyasına bənzəyən cihaz ətrafdakı insanların deyil, yalnız istifadəçinin səsini yazmaq üçün hazırlanıb.
Şirkəti 2025-ci ildə “Meta Reality Labs”ın keçmiş əməkdaşları Wei Lyu və Jason Chen, eləcə də moda və zinət əşyaları sahəsində çalışmış Hanying Hu qurublar. İlk cihaz kulon formasındadır, amma onu bilərzik kimi də taxmaq olar. Təxminən 8 qram çəkisi olan cihazın batareyası bir dolumla 3 günədək işləyir.
İlk quraşdırma zamanı istifadəçi öz səsindən qısa nümunələr yazır. “Nirva” bu nümunələrə əsasən sahibinin səsini tanıyan fərdi sistem yaradır. Cihaz işləyərkən ətrafdakı digər insanların danışığını süzgəcdən keçirir. Danışıq emal olunduqdan sonra səs yazıları və onların mətnə çevrilmiş forması, ilkin ayarlara görə, saxlanılmır.
Mobil tətbiq istifadəçinin danışığını təhlil edir. Bunun əsasında gündəlik vərdişlər, ünsiyyətdə olduğu insanlar, getdiyi yerlər və danışıq tərzi barədə qeydlər hazırlayır. Tətbiq xatırlatmalar və görüləcək işlərin siyahısını da yarada bilir. Səs silinməzdən əvvəl onun tonu, yüksəkliyi, səviyyəsi və danışıq sürəti ölçülür. Tətbiq bu məlumatlardan istifadəçinin emosional vəziyyəti barədə nəticə çıxarmaq üçün yararlanır.
“Nirva” cihaz üçün noyabrda sifariş qəbul etməyə başlayacaq. İlk alıcılar kulonu ilin sonunadək əldə edəcəklər. Qiyməti 249 dollar (təxminən 420 manat) olacaq. Cihaz gümüşü, mat gümüşü, qara və qızılı rənglərdə satılacaq. Şirkət gələcəkdə başqa geyilə bilən cihazlar da buraxmaq istəyir. Ancaq bu sahədə “Taya”, “Friend” və “Bee” kimi rəqiblər var.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...