main-post-cover

    Nothing Phone (1)-in satış qiymətləri barəsində məlumat verilib

    Cihazlar+
    28.06.2022
    Emil Nəcəfov
        Son zamanlar Nothing Phone (1) barəsində məlumatlar daimi şəkildə ortaya çıxır. Qeyd etmək lazımdır ki, sözügedən smartfon modelinin təqdimatı 12 iyul tarixində baş tutacaq. İndi isə insayderlərdən biri smartfonun texniki göstəriciləri barəsində yeni məlumatları və satış qiymətlərini təqdim edib. İndiyənə kimi Nothing Phone (1)-in yalnız ağ rəngli gövdəyə sahib versiyasının fotoları ortaya çıxırdı. Lakin təqdim edilmiş yeni məlumatlar arasında bu smartfonun həmçinin qara rəngli gövdəyə sahib versiyası da əks olunub. Məlumatda qeyd edilib ki, Nothing Phone (1) smartfonu 3 konfiqurasiyada satışa çıxacaq: 8 GB RAM + 128 GB yaddaş, 8 GB RAM + 256 GB yaddaş və 12 GB RAM + 256 GB yaddaş. Smartfonun RAM yaddaşı LPDDR5 standartlı, daxili yaddaşı isə UFS 3.1 standartlı olacaq.
        Digər özəlliklərə gəldikdə isə smartfonun 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.55 düym OLED ekran, Snapdragon 778+ prosessoru, 50 MP + 16 MP ikili arxa kamera, 16 MP-lik ön kamera, 45 vatt gücündə naqilli və 5 vatt gücündə naqilsiz şarj texnologiyalarının dəstəyinə sahib 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Daha öncəki məlumatlarda qeyd edilmişdi ki, Nothing Phone (1)-in qiyməti 500$-dan başlayacaq. Lakin təqdim edilmiş yeni məlumatlarda əks edilmiş satış qiymətləri daha aşağıdır. Belə ki, 8 GB RAM-a və 128 GB yaddaşa sahib versiyanın 397$-a, 8 GB RAM-a və 256 GB yaddaşa sahib versiyanın 419$-a, 12 GB RAM-a və 256 GB yaddaşa sahib versiyanın isə 456$-a satılacağı məlumatlarda qeyd edilib. Bundan əlavə olaraq bildirilib ki, smartfonun qutusunda şarj cihazı mövcud olmayacaq.
    Linki kopyala