
Nubia Red Magic 8S Pro smartfonu qlobal bazarda təqdim edilib - QİYMƏTİ
Nubia brendi bu ayın əvvəlində Çin bazarında Red Magic 8S Pro smartfon seriyasını təqdim etmişdi. Sözügedən seriyaya Red Magic 8S Pro ilə yanaşı Red Magic 8S Pro+ da daxil oldu. İndi isə sözügedən brend bu seriyanın yalnız Red Magic 8S Pro modelini qlobal bazarda təqdim edib. Smartfonun qlobal bazarda satılacaq versiyası texniki göstəricilər baxımından demək olar Çində satılan versiya ilə eynidir. Lakin onların arasında bir fərq var.
Belə ki, Red Magic 8S Pro-nun Çində satılan versiyası 80 vatt gücündə sürətli şarj texnologiyasını dəstəklədiyi halda qlobal bazarda satılacaq versiya 65 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Digər bütün özəlliklər baxımından smartfonlar eynidirlər. Əsas onu da qeyd etmək lazımdır ki, smartfonun 24 GB RAM-a sahib versiyası Çin bazarı üçün eksklüziv olaraq qalıb. Red Magic 8S Pro qlobal bazarda 3 gövdə rəngində satışa çıxacaq və hər bir gövdə rəngində fərqli RAM və daxili yaddaş kombinasiyası olacaq.
Smartfon Midnight, Platinum və Aurora adlı gövdə rənglərində satışa çıxacaq. Midnight gövdə rəngində smartfon 12 GB RAM və 256 GB daxili yaddaş həcmi, Platinum gövdə rəngində 16 GB RAM və 512 GB daxili yaddaş həcmi, Aurora gövdə rəngində isə 12 GB RAM və 256 GB daxili yaddaş həcmi və 16 GB RAM və 512 GB yaddaş həcmi ilə satılacaq. Smartfon gələn ayın əvvəlində satışa çıxacaq. Midnight gövdə rənginə sahib model 650$-a, Platinum gövdə rənginə sahib model 780$-a, Aurora gövdə rənginə sahib model isə 780$-dan başlayan qiymətlə satılacaq.
Paylaş
Bənzər xəbərlər