
OnePlus 13-ün dizaynı ortaya çıxıb
Cihazlar+
06.05.2024
Farid
OnePlus şirkəti bu ilin ikinci yarısında OnePlus 13 flaqman smartfonunu təqdim etməlidir. İndi isə bu smartfonun dizaynı ilə bağlı məlumat ortaya çıxıb. Belə ki, Çinin Weibo adlı sosial şəbəkəsində OnePlus 13-ə aid olduğu iddia edilən render foto ortaya çıxıb. Ortaya çıxmış fotoda smartfonun arxa paneli əks olunub. Fotodan da görmək olar ki, smartfonun arxa panelində kvadrat formalı kamera sahəsi mövcud olacaq. Kamera sahəsinin daxilində isə 3 ədəd obyektiv və dairəvi LED işıqlandırma yerləşəcək.

Sözügedən render fotoda əks olunmuş smartfon dizaynı ümumilikdə 2022-ci ildə təqdim edilmiş OnePlus 10 Pro-nun dizaynını xatırladır. Bununla yanaşı dizayn həmçinin Xiaomi 13 və Xiaomi 14 modellərini də xatırladır. Daha öncəki məlumat sızıntılarına əsasən OnePlus 13 yastı gövdəni və ekranı əldə edəcək. Qeyd etmək lazımdır ki, OnePlus 13-ün 2K keyfiyyətli 6.8 düym OLED ekranla təchiz olunacağı və Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Smartfon çox güman ki, ilin sonunda ilk növbədə Çində və gələn ilin əvvəlində qlobal bazarda təqdim olunacaq.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
