
Oppo Reno17 smartfon seriyasını noyabrın 16-da təqdim edəcək
“Oppo” şirkəti “Reno17” seriyasını noyabrın 16-da Çində təqdim edəcək. Tarix şirkətin rəsmi paylaşımında təsdiqlənib. Tədbirdə “Reno17” və “Reno17 Pro” smartfonları ilə yanaşı, “Oppo Watch 5” ağıllı saatı və “Oppo Pad Air 6” planşeti də göstəriləcək. Smartfonlar üçün artıq ilkin sifariş vermək olar.
“Reno17” və “Reno17 Pro” görünüşcə əvvəlki modellərə bənzəyir. Hər iki smartfonda kvadrat formalı arxa kamera bloku, düz ekran və nazik çərçivələr olacaq. Modellər “Adventure Cat”, “Cocoa Brown”, “First Snow White” və “Ice Moon White” rənglərində satılacaq. Şirkət smartfonların bütün texniki göstəricilərini hələ açıqlamayıb.
Sızan məlumatlara görə, “Reno17” modelinin ekranı 6,5 düym olacaq və telefon “Snapdragon 7 Gen 4” prosessorunda işləyəcək. Smartfona 8000 mAh batareyanın qoyulacağı gözlənilir. “Reno17 Pro” modelinin ekranı daha kiçik - 6,3 düym ola bilər. Bu telefonda 7200 mAh batareya və “Dimensity 8550” prosessorunun olacağı deyilir.
“Oppo Watch 5” ağıllı saatının qalınlığı 9,2 mm, çəkisi 25 qram olacaq. Şirkətin məlumatına görə, cihaz bir dolumla 7 günədək işləyə biləcək. Saat yuxunu və aybaşı dövrünü izləyə biləcək. Müxtəlif rənglərdə satılacaq model üçün də artıq ilkin sifariş vermək olar.
“Oppo Pad Air 6” planşetində 2.8K təsvir ölçülü, 12,1 düymlük LCD ekran olacaq. Ekranın 120 Hz yenilənmə tezliyi menyuda keçidləri və animasiyaları daha axıcı göstərəcək. Planşetdə 10050 mAh batareya və “Dimensity 7360 Super” prosessoru olacaq. Cihaz “ColorOS 17” əməliyyat sistemi ilə işləyəcək. Həm ön, həm də arxa kamera 8 MP olacaq.
“Oppo Pad Air 6” iki rəngdə satılacaq. Tutqun örtüklü ekran seçimi də olacaq. Planşetin ən güclü versiyasında 12 GB RAM və 256 GB daxili yaddaş var. Model Wi-Fi və LTE variantlarında çıxacaq. LTE versiyası ilə mobil şəbəkədən internetə qoşulmaq olar.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...