Oukitel WP63: Daxili alışdırıcısı olan yeni telefon!
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, MWC 2026 sərgisində təqdim olunan ən diqqətçəkən modellərdən biri adi smartfonlardan tamamilə fərqlənir. Bu cihaz məqsədli şəkildə od yandırmaq üçün hazırlanıb. Söhbət Oukitel şirkətinin yeni WP63 modelindən gedir.
WP63 möhkəmləndirilmiş (rugged) smartfondur və əsasən düşərgə, ekstremal səyahət və fövqəladə hallar üçün nəzərdə tutulub. Cihazın ən fərqli xüsusiyyəti isə daxili elektrik alışdırıcısıdır. Telefonun yuxarı hissəsində qoruyucu qapağın altında yerləşən elektrik spiral sistemi köhnə avtomobil siqaret alışdırıcılarına bənzər şəkildə qızır. İstifadəçi xüsusi tətbiq vasitəsilə bu funksiyanı aktivləşdirə bilir.
Təqdimat zamanı şirkət nümayəndəsi bükülmüş kağız parçasını asanlıqla alovlandıra bilib. Sistem gözləniləndən daha nəzarətli və təhlükəsiz təsir bağışlayıb. Bununla belə, şirkət nümayəndələri cihazın şam yandırmaq üçün uyğun olmadığını bildiriblər. Bunun texniki səbəbi açıqlanmasa da, spiralın forması və yerləşməsi bununla bağlı məhdudiyyət yarada bilər.
WP63 təkcə alışdırıcı ilə fərqlənmir. Smartfon 20.000 mAh tutumlu böyük batareya, güclü səsgücləndirici və digər cihazları enerji ilə təmin etmək üçün daxili USB-C kabeli ilə təchiz olunub. Təxminən 500 dollar qiymətində satışa çıxarılması planlaşdırılan modelin qalınlığı isə 27 mm-dir. Bu da onu bazardakı incə smartfon trendlərindən tamamilə uzaqlaşdırır.
Paylaş