Outlook-da qlobal problem yaşanıb
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, bu gün Microsoft Outlook istifadəçiləri platformaya daxil olarkən gözlənilməz problemlərlə qarşılaşıblar. Bir çox istifadəçi hesabdan avtomatik çıxarıldığını və yenidən giriş zamanı şifrə tələb olunduğunu bildirib.
Microsoft 365 xidmətinin rəsmi status səhifəsində də məsələ təsdiqlənib. Şirkət açıqlamasında bəzi Business və Enterprise müştərilərinin xidmət kəsintisi ilə üzləşdiyini bildirib və əlavə məlumat üçün rəsmi X hesabına yönləndirib. Microsoft-un status hesabında qeyd olunub ki, bəzi istifadəçilər sistemə daxil olarkən “too many requests” xətası ilə qarşılaşır və ya gözlənilmədən hesabdan çıxarılır. Şirkət hazırda problemi araşdırdığını və səbəbləri müəyyən etmək üçün texniki məlumatları analiz etdiyini açıqlayıb.
Problemin miqyası istifadəçi şikayətlərində də özünü göstərib. DownDetector platformasında səhər saat 05:00-dan etibarən şikayətlərin kəskin artdığı müşahidə olunub. Əksər istifadəçilər əsas problemin giriş zamanı baş verdiyini qeyd ediblər. Saat 09:35 (ET) radələrində Microsoft tərəfindən verilən son açıqlamada problemin hələ də davam etdiyi bildirilib. Hazırda xidmətin nə vaxt tam bərpa olunacağı ilə bağlı dəqiq məlumat yoxdur.
Paylaş