Pişik sahibləri üçün yeni Mac tətbiqi
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, pişik sahiblərinin tez-tez qarşılaşdığı maraqlı bir problem artıq xüsusi tətbiqlə həll olunur. macOS üçün təqdim edilən yeni Cats Lock tətbiqi pişiklərin klaviatura üzərində gəzməsi, oturması və ya uzanması nəticəsində yaranan təsadüfi düymə basmalarının qarşısını almaq üçün hazırlanıb.
Cəmi 3 dollar qiymətinə satışa çıxarılan tətbiq istifadəçilərə klaviaturanı bir klik və ya qısa klaviatura kombinasiyası ilə tam kilidləməyə imkan verir. Beləliklə, pişik klaviaturanın üzərinə çıxsa belə, heç bir yazı daxil edilmir və sistemdə təsadüfi əmrlər işə düşmür. Tətbiq bununla da kifayətlənmir. Cats Lock daxilində pişik klaviaturaya çıxdıqda xəbərdarlıq edən xüsusi səslər də mövcuddur. İstifadəçilər istəsələr öz səslərini də yazaraq fərdiləşdirə bilirlər.
Bundan əlavə, tətbiqdə Stealth Mode adlı rejim də var. Bu rejim aktiv olduqda ekranda heç bir vizual xəbərdarlıq və ya səs görünmür. Bu xüsusiyyət xüsusilə video izləyərkən, görüş zamanı və ya iş prosesində diqqətin yayınmaması üçün nəzərdə tutulub. Ekran yuxu rejiminə keçdikdə isə klaviatura avtomatik olaraq yenidən aktivləşir. Müstəqil tərtibatçı Todd Alexander tərəfindən hazırlanan Cats Lock tətbiqi macOS Sonoma (14.0) və daha yeni versiyalarda işləyir.
Paylaş