
Qatlana bilən Google Pixel 10 Pro Fold təqdim olunub - QİYMƏTİ
Google şirkətinin təqdim etmiş olduğu Pixel 10 smartfon seriyasına daxil olmuş modellərdən biri də qatlana bilən Pixel 10 Pro Fold olub. Xarici görünüşcə bu yeni smartfon keçən ilki Pixel 9 Pro Fold-dan heç də fərqlənmir. Şirkətin yeni qatlana bilən smartfonu 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2076x2152 piksel keyfiyyətli 8 düym ölçülü daxili Super Actua Flex OLED LTPO ekranla və 60 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2436x1080 piksel keyfiyyətli 6.4 düym ölçülü xarici Actua OLED ekranla təchiz olunub. Hər iki ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir. Xarici ekran üstəlik Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub.

Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı Pixel 10 Pro Fold-un gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Google Tensor G5 prosessoru vasitəsilə çalışır və 16 GB RAM ilə 256/512 GB/ 1TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon özündə 49 MP + 10.5 MP + 10.8 MP üçlü arxa kameranı və həm daxili həm də xarici ekran üzərində 10 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 5015 mAh enerji tutumlu batareya ilə təchiz olunub və 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Pixel 10 Pro Fold smartfonu 9 oktyabr tarixində satışa çıxacaq və onun qiyməti 1799$-dan start götürəcək.

Paylaş