
REDMI Note 14 4G və Note 14 Pro 4G smartfonlarının render fotoları və bəzi texniki imkanları ortaya çıxıb
Cihazlar+
16.12.2024
Emil
Xiaomi-nin REDMI brendi sentyabr ayının sonunda REDMI Note 14 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya REDMI Note 14, Note 14 Pro və Note 14 Pro+ modelləri daxil oldular. İndi isə REDMI brendi adi REDMI Note 14 və Note 14 Pro modellərinin 4G versiyalarını təqdim etməyə hazırlaşır. İnternetdə bu smartfonların render fotoları və texniki imkanları ortaya çıxıb. Beləliklə ortaya çıxmış render fotolara əsasən adi REDMI Note 14 4G modeli yastı gövdə dizaynını əldə edəcək və onun arxa panelində kvadrat formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin dizaynı isə iPhone Pro smartfonlarındakı arxa kamera sahəsi dizaynına bənzəyəcək.

Fotolardan da görmək olar ki, smartfon özündə üçlü arxa kameranı birləşdirəcək. Ortaya çıxmış məlumata əsasən REDMI Note 14 4G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranla təchiz olunacaq və ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunacaq. Smartfon MediaTek Helio G99-Ultra prosessoru vasitəsilə çalışacaq və özündə 108 MP-lik əsas arxa kamera ilə 33 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirəcək. REDMI Note 14 Pro 4G modelinə gəldikdə isə fotoya əsasən bu model kənarları əyilmiş dizaynda hazırlanmış ekranı əldə edəcək və onun arxa panelində dairəvi kamera sahəsi yerləşəcək.

Kamera sahəsinin daxilində isə üç ədəd kamera mövcud olacaq. Məlumatda qeyd edilib ki, REDMI Note 14 Pro 4G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranla təchiz olunacaq və ekran Gorilla Glass 2 qoruyucu şüşəsi ilə təchiz olunacaq. Smartfon MediaTek Helio G100-Ultra prosessoru vasitəsilə çalışacaq və 256 GB daxili yaddaş həcmini əldə edəcək. Bununla yanaşı smartfon özündə 200 MP-lik əsas arxa kamera ilə 45 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini birləşdirməlidir. REDMI Note 14 4G və Note 14 Pro 4G smartfonlarının yaxın zamanda təqdim olunacaqları gözlənilir.


Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
