
Samsung Galaxy S25 Edge-in zəif satışları şirköətin bəzi planlarını alt-üst edib
Cihazlar+
21.06.2025
Emil
Samsung Galaxy S25 Edge smartfonu, satışların zəif başlaması fonunda, genişmiqyaslı reklam kampaniyalarına və alıcılara təqdim olunan səxavətli bonuslara baxmayaraq, tam uğursuzluğa yaxınlaşır. Cənubi Koreya mənbəsi Elec-in məlumatına görə, Galaxy S25 Edge modelinin satışları Samsung-un gözləntilərindən aşağı olub və buna görə şirkət yeni modelin istehsal həcmini azaltmaq məcburiyyətində qalıb. Bu vəziyyət Samsung üçün olduqca qeyri-adi sayılır, çünki adətən şirkətin flaqman smartfonları satışa çıxdıqdan sonrakı ilk 3 ayda yüksək tələbatla qarşılanır.

İstifadəçilərin şirkətin indiyədək istehsal etdiyi ən nazik smartfona marağı çox zəif olub. İndi isə başqa bir problem yaranıb. Şirkət gələn il Galaxy S26 Plus modelini ləğv edərək onun yerinə Edge versiyasını təqdim etməyi planlaşdırırdı, çünki Plus modelləri Galaxy S seriyasındakı digər smartfonlarla müqayisədə daha az satılır. Lakin görünür, bu plandan imtina etmək lazım gələcək. Samsung S25 Edge modelinin istehsalını azaldarkən, ABŞ bazarı üçün qatlana bilən Galaxy Z Fold 7 və Z Flip 7 modellərinin istehsalını artırır. Məlumata əsasən Samsung iyun ayında yalnız ABŞ-a tədarük üçün 600 000 ədəd yeni qatlana bilən smartfon istehsal edəcək.

Bu, ötən ilin iyun ayında Galaxy Z Fold 6 və Z Flip 6 modellərinin istehsal həcmi ilə müqayisədə təxminən 1.5 dəfə çoxdur. Lakin bu artım şirkətin yeni qatlana bilən modellərə daha yüksək tələbat gözləməsi ilə deyil. Sadəcə olaraq, Samsung ABŞ bazarına mümkün qədər çox cihaz çatdırmaq istəyir, çünki yaxın vaxtlarda Cənubi Koreyadan gətirilən məhsullara 25%-lik idxal rüsumu qüvvəyə minəcək. Elec-in məlumatına görə, ümumilikdə Samsung iyun ayında təxminən 930 000 ədəd Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE modeli istehsal etməyi planlaşdırır. Bu göstərici əvvəldən nəzərdə tutulmuş 1.34 milyon ədəddən xeyli azdır. Lakin tələbatın səviyyəsini nəzərə alaraq, şirkət iyul ayında istehsal həcmini yenidən artırmağı planlaşdırır.
Paylaş
Ən çox oxunanlar

Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir
