
Samsung Galaxy Watch 7 və Watch FE smart saatları sertifikatlaşdırmadan keçiblər
Son məlumat sızıntılarına əsasən Samsung şirkəti növbəti Galaxy Unpacked tədbirini yay fəslində keçirəcək. Tədbirin iyul ayında baş tutacağı gözlənilir. Sözügedən tədbirdə şirkət yeni qatlana bilən smartfonları olacaq Galaxy Z Fold 6 ilə Z Flip 6-nı təqdim etməlidir. Lakin bu smartfonlardan əlavə olaraq Samsung həmçinin növbəti Galaxy Watch 7 smart saatlarını da təqdim edə bilər. Bəzi məlumatlara əsasən təqdim olunacaq Galaxy Watch 7 smart saat seriyasına 3 model daxil olacaq. Galaxy Watch 7, Watch 7 Classic və Watch 7 Pro. Üstəlik Samsung-un Galaxy Watch FE smart saatı üzərində çalışdığı da iddia olunur.

Məlum olub ki, Samsung-un yeni smart saatları ABŞ Federal Rabitə Komissiyasında (FCC) sertifikatlaşdırmadan keçiblər. Məlumata əsasən FCC-də sertifikasiya qeydiyyatından Samsung-un SM-L300, SM-L305, SM-L310, SM-L315 və SM-R861 model nömrələrinə sahib smart saatları keçiblər. SM-L300 və SM-L310 model nömrələrinə sahib smart saatları çox güman ki, Galaxy Watch 7-nin 40 və 44 mm gövdə ölçülərinə sahib Wi-Fi dəstəkli versiyalarını, SM-L305 və SM-L315 model nömrələrinə sahib smart saatları isə Galaxy Watch 7-nin həmin gövdə ölçülərinə sahib LTE dəstəkli versiyalarını əhatə edirlər.

FCC-nin məlumatlar bazasına əsasən SM-L305 model nömrəsinə sahib smart saat 15 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy Watch 5 və Watch 6 smart saat modelleri 10 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyirlər. SM-R861 model nömrəsinə gəldikdə isə çox güman ki, o, Galaxy Watch FE-yə aiddir. Zamanında Galaxy Watch 4 smart saatı SM-R860 model nömrəsinə sahib idi. Galaxy Watch FE barəsində son məlumat sızıntılarına əsasən isə Galaxy Watch FE modeli texniki göstəriciləri baxımından məhz Galaxy Watch 4-ə bənzəyəcək. Məlumata əsasən Galaxy Watch FE 5 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək.
Paylaş