Samsung Galaxy Watch saatlarını 2 ildən bir yeniləməyi düşünür
“Samsung” mobil cihazlarla bağlı planlarını yeniləyir və 2027-ci ildə yeni “Galaxy Watch” modeli təqdim etməməyi planlaşdırır. Gözləntiyə görə, şirkət ağıllı saatlarını hər il deyil, 2 ildən bir yeniləyəcək. Qərar qəbul olunsa, 2018-ci ildə “Galaxy Watch” markası yaradılandan bəri ilk dəfə seriyaya 1 il ərzində yeni model əlavə edilməyəcək.
Planın əsas səbəbləri yaddaş və prosessor kimi hissələrin bahalaşması, həmçinin gəlirin artırılması istəyidir. “Galaxy Watch 9” modelinə marağın gözləniləndən az olması da növbəti kiçik yeniliyin təxirə salınmasına təsir edib. “Samsung” xərcləri azaltmaq və məhsul çeşidini daha səmərəli qurmaq istəyir.
Yeni saat çıxmasa da, “Samsung” hazırkı modelləri proqram yeniləmələri və yeni sağlamlıq funksiyaları ilə gündəmdə saxlamağı düşünür. Yeniliklər “Galaxy Watch 9” və son “Galaxy Watch Ultra” modellərinə də gələcək. Şirkətin daha kiçik, düzbucaqlı ekranlı yeni “Galaxy Fit” fitnes qolbağı hazırladığı da gözlənilir. Bu qolbaq ağıllı saatlardan daha ucuz olacaq.
Dəyişiklik təkcə ağıllı saatlara aid deyil. “Samsung” bu rübdə münasib qiymətli “Galaxy A” smartfonlarının istehsalını təxminən 20% azaldıb və qiymətləri artırmağı düşünür. Məqsəd mobil cihaz bölməsində xərcləri azaltmaq və daha çox gəlir gətirən məhsullara üstünlük verməkdir.
Gələcək “Galaxy S27” seriyasının istehsalında əsas pay daha bahalı modellərə ayrılacaq. Plana görə, istehsalın təxminən 70 faizi “Pro” və “Ultra” modellərinin payına düşəcək. Bu modellər hər satışdan şirkətə daha çox gəlir gətirir. “Samsung” beləliklə alıcıların üst səviyyəli smartfonlara marağından yararlanmağa və bahalaşan hissələrin xərclərə təsirini azaltmağa çalışacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...