Logo
    main-post-cover

    Samsung ikinci nəsil Galaxy Ring-i artıq patentləşdirib

    Cihazlar+
    08.07.2024
    Emil
         Samsung şirkətinin 10 iyul tarixində baş tutacaq Galaxy Unpacked tədbiri çərçivəsində Galaxy Ring adlı smart üzüyün təqdim olunacağı gözlənilir. Bu smart üzük taxıla bilən cihazlar bazarında Samsung-un yeni iddialı məhsulu olmalıdır. Lakin bununla belə şirkətin ortaya çıxmış yeni patent sorğusunda ikinci nəsil Galaxy Ring-in artıq hazırlandığına dair sübutlar ola bilər. Qeyd etmək lazımdır ki, Samsung öz smart üzüyünü hələ yanvar ayında Galaxy S24 smartfon seriyasının təqdimatı çərçivəsində anons etmiş və fevral ayının sonunda start götürmüş MWC 2024 sərgisi çərçivəsində onun xarici görünüşünü sərgiləmişdi. Biz artıq bilirik ki, Galaxy Ring ənənəvi dairəvi forma dizaynını əldə edib və istifadəçi səhhətinin müxtəlif göstəricilərinin ölçülməsi üçün nəzərdə tutulmuş sensorlar üzüyün daxili və xarici layları arasında yerləşirlər.
         Görünür şirkət ikinci nəsil Galaxy Ring-in hazırlanması istiqamətində artıq ilk addımları atmağa başlayıb. Bir neçə müddət bundan öncə ortaya çıxmış patent sorğusunda əks olunmuş fotolara əsasən ikinci nəsil Galaxy Ring xarici tərəfdən bir qədər qalın hissəyə sahib olacaq. Bununla yanaşı onun daxili hissəsi dəyişilməz olaraq dairəvi qalacaq. Bu cür dizayn sayəsində smart üzük daha dekorativ görünür. Xarici tərəfin daha qalın olan hissəsi isə smart üzüyə daha böyük həcmli batareyanı və əlavə sensorları quraşdırmağa imkan verə bilər. Digər tərəfdən qalın hissəyə kiçik ölçülü ekranın quraşdırılması da istisna deyil. İkinci nəsil Galaxy Ring-in nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş