Logo
    main-post-cover

    Samsung-un “limited run” Galaxy Z TriFold modeli tamamilə tükəndi

    Cihazlar+
    20.04.2026
    Sevinj
        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Samsung şirkətinin ən iddialı qatlanan smartfonlarından biri olan Galaxy Z TriFold artıq satışda yoxdur və görünür ki, bir daha satışa çıxarılmayacaq.
        Məlumata görə, Samsung rəsmi saytında cihazın statusunu yeniləyərək onu “limited run” (məhdud sayda istehsal) kimi qeyd edib və hazırda “tamamilə satılıb” statusuna keçirib. Bu isə o deməkdir ki, modeli əldə etmək istəyənlər üçün imkan demək olar ki, tamamilə bağlanıb.
        Əslində bu nəticə çox da gözlənilməz deyil. TriFold ilk olaraq ötən ilin sonlarında Asiya bazarında təqdim olunmuş, daha sonra isə CES sərgisində Qərb auditoriyasına nümayiş etdirilmişdi. Mart ayından etibarən isə cihazın məhdud sayda istehsal oluna biləcəyi ilə bağlı məlumatlar yayılmağa başlamışdı. Aprelin əvvəlində ABŞ-də son dəfə yenidən satışa çıxarılsa da, bu ehtiyatlar da sürətlə tükənib.
        Samsung hazırda istifadəçilərə alternativ olaraq Galaxy S26 Ultra və Galaxy Z Fold 7 modellərinə baxmağı tövsiyə edir.
        Ekspertlər hesab edir ki, təxminən 3000 dollara yaxın qiyməti olan bu tip innovativ cihazların istehsalı həm baha başa gəlir, həm də qlobal yaddaş çatışmazlığı səbəbindən davamlı deyil. Buna görə də TriFold-un ya əvvəlcədən planlaşdırılmış məhdud layihə olduğu, ya da bazar şərtlərinə görə tez dayandırıldığı ehtimal edilir.
    Paylaş