Sony Bravia televizorlarında vacib funksiya ləğv edilir
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Sony bəzi sonytelevizor modellərində proqram bələdçisi (TV Guide) funksiyalarını azaltmağa hazırlaşır. Şirkətin açıqladığı məlumata görə dəyişikliklər 2023–2025-ci il istehsalı olan seçilmiş Bravia modellərinə şamil olunacaq və may ayının sonundan etibarən qüvvəyə minəcək.
Yenilik çərçivəsində anten vasitəsilə yayımlanan televiziya kanalları üçün TV bələdçisində artıq kanal loqoları və proqramların önizləmə şəkilləri göstərilməyəcək. Bundan əlavə, proqram bələdçisində yalnız istifadəçinin son baxdığı kanallar görünəcək və bəzi hallarda kanal məlumatları ümumiyyətlə təqdim olunmaya bilər. Dəyişikliklər yalnız antenna istifadəçiləri ilə məhdudlaşmır. Set-top box (TV box) istifadəçiləri üçün mövcud olan ayrıca “Set Top Box TV Menu” bölməsi də ləğv ediləcək və onun yerini yeni “Control Menu” alacaq. Bu yeni interfeys də proqramlar üçün vizual thumbnail görüntülərini dəstəkləməyəcək.
Hazırda bu funksiyaların istifadəsi geniş auditoriyaya aid olmasa da, xüsusilə kabel və ya anten televiziyasından istifadə edən istifadəçilər üçün dəyişikliklər mənfi qarşılanır. Maraqlısı budur ki, Sony bu qərarın səbəbi ilə bağlı hələlik heç bir rəsmi açıqlama verməyib. Beləliklə, şirkət may ayından etibarən bəzi istifadəçilərin televiziya izləmə təcrübəsini daha sadə, amma eyni zamanda daha məhdud hala gətirəcək.
Paylaş