Sony-nin yeni flaqman qulaqlığı ilk dəfə görüntüləndi
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Sony-nin yeni flaqman naqilsiz qulaqlıqları WF-1000XM6 hələ rəsmi təqdim olunmamış olsa da, pərakəndə satış saytlarından birində sızdırılıb. The Walkman Blog və Reddit istifadəçilərinin paylaşdığı məlumata görə, Power Buy adlı satıcı qulaqlıqların satış səhifəsini qısa müddətlik yayımlayıb və burada həm fotolar, həm də bəzi texniki detallar yer alıb.
Sızan məlumata əsasən, Sony WF-1000XM6 qulaqlıqları IPX4 suya davamlılıq sertifikatına sahib olacaq. Bundan əlavə, aktiv səsboğma (ANC) və şəffaflıq (transparency) rejimlərinin də dəstəkləndiyi qeyd olunur. Bu xüsusiyyətlər Sony-nin əvvəlki flaqman qulaqlıqları ilə uyğunluq təşkil edir və gözlənilən yeniliklər sırasındadır. Dizayn baxımından isə WF-1000XM6 əvvəlki modellərdən fərqlənir. Qulaqlıqlar daha "pill-shaped" formaya malikdir və qara ilə ağ olmaqla iki rəng variantında təqdim olunacağı görünür. Qutunun dizaynı isə klassik naqilsiz qulaqlıq qutusuna bənzəyir.
Diqqətçəkən məqamlardan biri də qulaq ucluqlarının (eartips) əvvəlki modellərlə müqayisədə bir qədər daha iri olmasıdır. Bu, hava kanalının genişlənməsi və nəticədə daha güclü bas performansı demək ola bilər. Ümumilikdə qulaqlıqların bas səslərində yaxşılaşma ehtimalı yüksək qiymətləndirilir, lakin bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb. Qeyd edək ki, Sony WF-1000XM5 modelini iki ildən artıq əvvəl təqdim etmişdi. Buna görə də WF-1000XM6-nın yaxın zamanda rəsmi şəkildə elan olunması gözlənilir.
Paylaş