
Sony smartfon bazarından ayrılmaq niyyətində deyil
Hazırda Sony Xperia smartfonları dünya bazarında yalnız kiçik bir paya sahibdir və şirkət bu sahənin perspektivlərinə o qədər də əmin deyil. Bununla belə, Sony vurğulayır ki, Xperia onun biznesinin çox vacib bir hissəsidir və inkişafını davam etdirməyi planlaşdırır. Bu həftə dərc olunmuş son maliyyə hesabatı çərçivəsində Sony-nin maliyyə direktoru Lin Tao Xperia smartfon brendinin vəziyyəti barədə danışaraq, onun “bizim üçün çox vacib olan biznesin” bir hissəsi olduğunu bildirib. Tao qeyd edib ki, kommunikasiya texnologiyaları - Sony-nin uzun müddətdir inkişaf etdirdiyi çox mühüm bir sahədir.

“Biz həmçinin smartfon biznesimizi layiqincə qiymətləndirməyə davam etmək istəyirik” - deyə Lin Tao bildirib. Lakin o, əlavə edib ki, kommunikasiya texnologiyaları smartfonlardan kənar digər sahələrdə də istifadə olunur. Tao-nun açıqlaması, Sony-nin Avropada Xperia smartfonlarının satışını dayandıracağı ilə bağlı şayiələrdən qısa müddət sonra səslənib. Şirkət, həmçinin, öz vətəni Yaponiyada mövqelərini xeyli itirib, ABŞ bazarından böyük ölçüdə çəkilib və bu ilin əvvəlində smartfonlarını müstəqil şəkildə istehsal etməyi dayandıraraq müqavilə əsaslı istehsala üstünlük verib. Sony dəfələrlə smartfonlar üzərində işləməyə davam edəcəyini bildirib və görünür ki, şirkət hələ də bu mövqedə qalır.
Paylaş