Logo
    main-post-cover

    Sony Xperia 1 VIII təqdim olundu

    Cihazlar+
    13.05.2026
    Sevinj
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Sony uzun illərdir demək olar eyni görünüşdə təqdim etdiyi Xperia flaqman seriyasını nəhayət yenilədi. Şirkət yeni Sony Xperia 1 VIII modelini təqdim edib və bu dəfə dizaynda ciddi dəyişikliklərə gedib.
        Telefonun ən diqqətçəkən yeniliyi arxa hissədəki kvadrat formalı kamera blokudur. Əvvəlki Xperia modellərində kameralar şaquli şəkildə sol küncdə yerləşirdisə, yeni modeldə onlar flaş və Sony loqosu ilə birlikdə daha iri və çıxıntılı kamera adasında toplanıb. Bu dizayn müəyyən qədər iPhone-u xatırlatsa da, Sony-yə xas sərt xətlər saxlanılıb.
        Xperia 1 VIII qara, gümüşü, qırmızı və yalnız Sony onlayn mağazasına məxsus qızılı rəngdə satışa çıxacaq. Telefon yenə də 3,5 mm qulaqlıq girişi və microSD kart dəstəyi ilə gəlir. Cihaz həmçinin IP65/IP68 su və toza davamlılıq sertifikatına malikdir.
        Ən böyük texniki yenilik telefoto kameradadır. Sony burada əvvəlki modellərlə müqayisədə təxminən 4 dəfə böyük 1/1.56 düymlük sensor istifadə edib. 48 MP çözünürlük və f/2.8 diafraqmalı 70 mm ekvivalent kamera daha keyfiyyətli zoom fotolar vəd edir. Bunun üçün şirkət əvvəlki modellərdəki fasiləsiz optik zoom funksiyasından imtina edib.
        Əsas və ultra-geniş kameralar da 48 MP olaraq qalır. Kamera sistemi yeni RAW emal texnologiyası, təkmilləşdirilmiş bokeh effekti və avtofokuslu makro çəkiliş imkanları qazanıb.
        Sony həmçinin süni intellekt əsaslı yeni kamera köməkçisi əlavə edib. Bu funksiya şəkil çəkməzdən əvvəl istifadəçiyə ən uyğun obyektiv, filtr, kadr quruluşu və işıq düzəlişləri ilə bağlı tövsiyələr verir.
        Telefon Snapdragon 8 Elite Gen 5 prosessoru ilə işləyir, maksimum 16 GB RAM və 1 TB yaddaş təklif edir. Batareya əvvəlki kimi 5000 mAh olsa da, optimallaşdırmalar sayəsində daha uzun işləmə müddəti təqdim edir.
         Bununla belə, cihaz üçün yalnız 4 il Android yeniləməsi və 6 il təhlükəsizlik yeniləməsi vəd edilməsi bəzi rəqiblərlə müqayisədə zəif görünür.
        Xperia 1 VIII Avropa və Asiyada artıq sifarişə açılıb. Başlanğıc qiyməti £1,399 / €1,499, yüksək versiyası isə £1,849 / €1,999 olacaq. ABŞ bazarında satış planlaşdırılmır.
    Paylaş