Sony yeni FX5 kino kamerasını təqdim etdi
Sony peşəkar video istehsalçıları üçün nəzərdə tutulan Cinema Line seriyasının yeni üzvü FX5 modelini təqdim edib. Yeni kamera FX3 ilə FX6 arasında mövqelənir və Sony kameralarında indiyədək olmayan bir sıra imkanları özündə birləşdirir. Bunlara tam sensor ölçüsündən istifadə edən Open Gate çəkilişi və 5K RAW video yazılışı daxildir. FX5-in əsas yeniliyi tam kadr ölçülü 16,6 meqapiksellik yeni stacked CMOS sensorudur. Bu sensor həm yüksək oxuma sürəti, həm də görüntü keyfiyyəti arasında balans yaratmaq üçün hazırlanıb.
Kamera Sony-nin X-OCN formatında 16 bit RAW video qeydi aparır. Şirkətin məlumatına görə, bu format 12 bit RAW kodeklərlə müqayisədə daha geniş rəng məlumatı saxlayır və post-prodakşn zamanı görüntü üzərində daha çevik işləməyə imkan verir. FX5 həmçinin 5K 60 kadr/saniyə, 4K 240 kadr/saniyə və 4,5K 120 kadr/saniyə video çəkilişini dəstəkləyir. Yeni modelin diqqətçəkən xüsusiyyətlərindən biri də Open Gate rejimidir. Bu rejimdə kamera sensorun bütün sahəsindən istifadə edir və istifadəçilərə sonradan görüntünü həm üfüqi, həm də şaquli formatlara rahat uyğunlaşdırmağa imkan verir. Bundan əlavə, anamorfik obyektivlər üçün yeni de-squeeze funksiyası da əlavə olunub.
Sony FX5 həmçinin bazarda nadir rast gəlinən üç baza ISO səviyyəsi ilə təchiz olunub: ISO 800, ISO 4000 və ISO 12800. Şirkətin sözlərinə görə, bu yanaşma aşağı işıq şəraitində daha təmiz görüntü, kölgələrdə daha az səs-küy və yüksək dinamik diapazon təqdim edir. Dual Gain rejimində isə kamera 16 stopa qədər dinamik diapazon vəd edir. Bir çox kino kamerasından fərqli olaraq, FX5 gövdədaxili 5 oxlu stabilizasiya sistemi (IBIS) ilə təchiz edilib. Yenilənmiş Dynamic Active rejimi hərəkətdə çəkiliş zamanı görüntünün daha stabil olmasını təmin edir.
Təxminən 735 qram çəkisi olan kamera çıxarıla bilən 3,68 milyon nöqtəli OLED vizör, 2,76 milyon nöqtəli 3,5 düymlük fırlanan ekran, iki CFexpress Type A və iki SDXC UHS-II kart yuvası, tam ölçülü HDMI, Ethernet, üçzolaqlı Wi-Fi, mikrofon və qulaqlıq girişləri ilə təchiz olunub. Enerjini isə yeni NP-SA100 batareyası təmin edir ki, bu da təxminən 130 dəqiqəyə qədər fasiləsiz çəkiliş imkanı yaradır. Sony FX5 artıq öncədən sifariş üçün əlçatandır. Kameranın yalnız gövdəsi 4898 ABŞ dolları, XLR səs tutacağı ilə birlikdə olan versiyası isə 5498 ABŞ dolları qiymətinə təklif olunur. Satışların avqust ayının ortalarında başlanacağı gözlənilir. Sony gələcəkdə FX5-də təqdim olunan bəzi funksiyaların şirkətin digər güzgüsüz və vlog kameralarına da gətiriləcəyini istisna etmir.
Paylaş
