Logo
    UGreen məlumatları evdə emal edən ağıllı ev sistemini təqdim etdi

    UGreen məlumatları evdə emal edən ağıllı ev sistemini təqdim etdi

    Cihazlar+
    07.09.2026
        “UGreen” şirkətinin rəhbəri Samuel Zhang bildirib ki, yeni ağıllı ev sistemi ideyası ailə toplantısında heç kimin foto çəkməməsindən yaranıb. Şirkət cihazın özündə işləyən süni intellekt sistemini Berlində keçirilən “IFA 2026” sərgisində nümayiş etdirib. Sistemin əsasını “HomeAgent” adlı idarəetmə qurğusu təşkil edir. Bu qurğu faylların saxlanmasını, məlumatların emalını və ağıllı ev cihazlarının idarəsini bir mərkəzdə birləşdirir.
    UGreen məlumatları evdə emal edən ağıllı ev sistemini təqdim etdi
        “HomeAgent” kameraları, ağıllı səsgücləndiriciləri, rəqəmsal foto çərçivələrini və bəzi digər istehsalçıların cihazlarını vahid sistemə qoşa bilir. Foto, video, səsli əmrlər və başqa fayllar şirkətin serverlərinə göndərilmir, birbaşa evdə emal olunur. Bu, şəxsi məlumatların qorunmasına kömək edir. İstifadəçinin bulud yaddaşı üçün ayrıca abunə haqqı ödəməsinə də ehtiyac qalmır.
        “HomeAgent” seriyasına 3 model daxildir. “HA100” əsas funksiyaları yerinə yetirir, lakin onun prosessor gücü, yaddaşı və saxlama sahəsi daha azdır. Standart model süni intellekt hesablamalarında 26 TOPS, “HA100 Pro” isə 205 TOPS göstəricisinə çatır. TOPS cihazın saniyədə neçə trilyon əməliyyat yerinə yetirə bildiyini göstərir. “HA100 Pro” daha güclü prosessorla yanaşı, 2.5GbE əvəzinə daha sürətli 10GbE şəbəkə portu ilə gəlir.
    UGreen məlumatları evdə emal edən ağıllı ev sistemini təqdim etdi
        Seriyanın ən güclü modeli “MA100” adlanır. Bu model “NVIDIA Jetson Thor T5000” platforması əsasında işləyir. Onun süni intellekt gücü, yaddaşı və saxlama sahəsi digər 2 modeldən xeyli çoxdur. “MA100” 19 999 dollara (təxminən 34 000 manat), “HA100 Pro” 5 999 dollara (təxminən 10 200 manat), “HA100” isə 1 799 dollara (təxminən 3060 manat) satılacaq. İlkin sifariş kampaniyası çərçivəsində qiymətlər təxminən yarıya enəcək və çatdırılma 2027-ci ilin əvvəlində başlanacaq.
    UGreen məlumatları evdə emal edən ağıllı ev sistemini təqdim etdi
        Nümayiş zamanı “HomeAgent” ağıllı kamera və səsgücləndirici ilə birlikdə işləyib. Kamera qapının yaxınlığında müəyyən edilmiş sərhədi keçən şəxsi səsli xəbərdarlıqla qarşılayıb. Bütün məlumatlar ev daxilində emal olunub. İstifadəçi “Uliya” adlı süni intellekt köməkçisindən qapıya kimin yaxınlaşdığını soruşa bilir. Köməkçi çatdırılma işçisi ilə şübhəli davranan şəxsi fərqləndirə, həmçinin gün ərzində qeydə alınmış hadisələrin qısa xülasəsini hazırlaya bilir.
        “Uliya” pərdələri bağlamaq, musiqi səsləndirmək və ev heyvanının harada olduğunu göstərmək kimi əmrləri də yerinə yetirir. Sistem kameranın canlı görüntüsünü ekrana ötürə, seçilmiş xatirələri isə ağıllı foto çərçivəsində göstərə bilir. Evdən çıxış rejimi aktivləşdirildikdə işıqlar sönür, pərdələr bağlanır və robot tozsoran işə düşür. Sistemin imkanları evdə ona qoşulan süni intellektli ağıllı cihazların sayından və növündən asılı olacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...