Logo
    main-post-cover

    “Windows 11” 1 milyard istifadəçiyə “Windows 10”dan daha sürətli çatdı

    Cihazlar+
    29.01.2026
    Ilhama
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Microsoft-un əməliyyat sistemi “Windows 11” 1 milyard istifadəçi həddinə Windows 10-dan daha qısa müddətdə çataraq şirkət üçün mühüm mərhələni geridə qoyub. Microsoft CEO-su Satya Nadella bu göstəricinin 2026-cı maliyyə ilinin ikinci rübünə, yəni son bayram mövsümünə təsadüf etdiyini açıqlayıb.
        Nadella-nın sözlərinə görə, Windows 11 istifadəçi sayı illik müqayisədə 45 faizdən çox artıb. Bu sürətli artımda Windows 10 üçün dəstəyin mərhələli şəkildə dayandırılması mühüm rol oynayıb. Sözügedən qərar eyni zamanda Microsoft-un Windows OEM gəlirlərinin yüksəlməsinə səbəb olub.
        Microsoft-un Windows bölməsinin rəhbəri Pavan Davuluri hələ 19 noyabr tarixində keçirilən Microsoft Ignite tədbirində “təxminən 1 milyard insanın Windows 11 istifadə etdiyini” bildirmişdi. Bu isə şirkətin dekabr ayı ərzində güclü istifadəçi artımı qeydə aldığını göstərir.
        Maraqlı məqam ondan ibarətdir ki, Windows 11 bu göstəriciyə 1576 gün ərzində çatıb. Bu rəqəm Windows 10-un eyni həddə çatması üçün tələb olunan 1706 gündən daha azdır. Microsoft əvvəlcə Windows 10-u üç il ərzində 1 milyard cihazda işlətməyi planlaşdırsa da, Windows Phone layihəsinin ləğvi bu hədəfin gecikməsinə səbəb olmuşdu.
    Paylaş