Xbox fiziki oyun disklərini rəqəmsallaşdırmağa imkan verəcək
Microsoft Xbox istifadəçilərinin fiziki oyun kolleksiyalarını rəqəmsallaşdırmağa imkan verən yeni “disc-to-digital” funksiyasını rəsmi olaraq elan edib. Yeni imkan ilk olaraq avqustun 31-dən Xbox Insider proqramının iştirakçıları üçün sınaqdan keçiriləcək. Yeni funksiya Xbox One və Xbox Series X üçün buraxılmış disk əsaslı oyunların böyük hissəsini dəstəkləyəcək. İstifadəçi dəstəklənən oyun diskini Xbox One və ya Xbox Series X konsoluna daxil edib oyunu işə saldıqda həmin oyun üçün rəqəmsal istifadə hüququ əldə edə biləcək. Ancaq bu, fiziki diski birdəfəlik rəqəmsal oyuna çevirmək demək deyil. Rəqəmsal istifadə hüququ konkret diskə bağlı olacaq. Məsələn, diski başqa şəxsə versəniz, rəqəmsal istifadə hüququ da həmin disklə birlikdə digər hesaba keçə biləcək. Beləliklə, Microsoft fiziki oyunların alınıb-satılması və dostlar arasında paylaşılması imkanını qorumağa çalışır.
Microsoft yeni funksiyanı avqustun 31-dən Xbox Insider istifadəçiləri ilə sınaqdan keçirməyə başlayacaq. Daha sonra isə funksiyanın növbəti aylarda Xbox One və Xbox Series X istifadəçiləri üçün daha geniş şəkildə istifadəyə verilməsi planlaşdırılır. Maraqlı məqamlardan biri odur ki, rəqəmsallaşdırılmış oyun dəstəkləndiyi halda Xbox Play Anywhere vasitəsilə PC-də də oynanıla biləcək. Həmçinin uyğun oyunları Xbox Cloud Gaming üzərindən müxtəlif cihazlarda yayımlamaq mümkün olacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...