Xbox istifadəçiləri Microsoft-dan 3 böyük dəyişiklik tələb edir
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Microsoft-un yeni istifadəyə verdiyi “Xbox Player Voice” platforması artıq Xbox istifadəçilərinin ən böyük narazılıqlarını üzə çıxarıb. Şirkət bu portal vasitəsilə oyunçuların təklif və rəylərini daha görünən etmək və gələcək qərarlarda onlardan istifadə etməyi hədəfləyir. Platformada ən çox səs toplayan fikirlər Xbox icmasının əsas tələblərini açıq şəkildə göstərir.
Ən çox dəstək alan təkliflərdən biri Xbox konsolları üçün daha çox eksklüziv oyunun hazırlanması olub. İstifadəçilər hesab edir ki, Microsoft-un son illərdə bəzi böyük oyunlarını PlayStation və Nintendo Switch platformalarına gətirməsi Xbox konsollarının fərqləndirici üstünlüyünü azaldır. Səsvermədə iştirak edən istifadəçilər bildirirlər ki, konsol satışlarını artırmaq üçün eksklüziv oyunlar hələ də vacib amildir.
Maraqlıdır ki, Xbox rəhbəri Asha Sharma daha əvvəl Xbox eksklüzivləri və oyunların digər platformalara çıxarılması strategiyasının yenidən qiymətləndirildiyini açıqlamışdı. Ancaq hələlik Microsoft bu siyasətdən geri addım atacağını rəsmi şəkildə təsdiqləməyib.
İkinci ən populyar tələb isə geriyə uyğunluq (backward compatibility) funksiyasının genişləndirilməsi olub. Hazırda Xbox Series X və Series S konsolları seçilmiş orijinal Xbox, Xbox 360 və Xbox One oyunlarını dəstəkləyir. Microsoft 2021-ci ildə bu proqram çərçivəsində 76 yeni oyunu əlavə etsə də, şirkət lisenziya, hüquqi və texniki məhdudiyyətlər səbəbindən daha çox oyunun əlavə edilməsinin çətin olduğunu bildirmişdi.
Paylaş